• Təqvim

  • Maraq



Bu gün şəhid baş gizir İsə Almazovun şəhadətə ucaldığı gündür

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- 


Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. Vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, mənsub olduğun xalqın dininə, dilinə, tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə sahib çıxmaq, hörmət etmək, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Valideynlərimizə borclu olduğumuz kimi, Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu Vətəndə yaşayırıq.

Minlərlə oğullarımız da məhz bu amal uğrunda Vətən naminə canlarından keçiblər. Şəhidlik isə ən uca zirvədir. Vətənini sevən hər bir insan da torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. Bu, hər bir vətəndaşın ən ümdə işi olmalıdır. 

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız olmasın, şəhid məzarlarına rast gəlinməsin. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. İstər Birinci Qarabağ, istər İkinci Vətən müharibəsində, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd övladları döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Vətəni göz bəbəyi kimi qorumağın ən ali vəzifə, ən müqəddəs amal olduğunu sübut ediblər. Bu amal naminə Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.


Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də baş gizir Almazov İsə Ziyad oğludur.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan şəhid baş gizir İsə Almazovun əziz xatirəsini ehtiramla yad edirik. Vətəni canı bahasına qoruyan İsə kimi oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaq, əziz xatirəsi illər ötsə belə daim ehtiramla anılacaq.

Baş gizir İsə Almazov 20 iyun 1977-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir.

13 yanvar 2001-ci ildə gizir, 29 iyun 2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunmuşdur.

Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur.

Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 

Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. 

Baş gizir İ.Almazov Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.



Facebook-da paylaş