Baş Prokurorluq tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazaxda təmizlik aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, iyunun 8-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarının ətrafında təmizlik aksiyası keçirilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Vəliyev, aparatın digər məsul əməkdaşları, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Təşkilat və icraya nəzarət idarəsinin prokuroru Rufan Şərifov, Qazax, Tovuz, Ağstafa və Şəmkir rayon prokurorları və əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənc könüllülər iştirak ediblər.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.
Facebook-da paylaş