İcra başçısı "Yaradıcı gənclər düşərgəsi" iştirakçılarının yekun tədbirində iştirak edib
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qazax rayonunda növbəti dəfə "Yaradıcı gənclərin düşərgəsi"ni təşkil edib.
12-17 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində reallaşan "Yaradıcı gənclərin düşərgəsi"ndə respublikamızın 39 şəhər və rayonundan 15-25 yaş arası 65 nəfər gənc iştirak edib.
Avqustun 15-də “Yaradıcı gənclər düşərgəsi”nin iştirakçıları Qazax rayonunun gəzməli-görməli yerlərinə ekskursiya edib, rayon haqqında dolğun məlumatlar əldə ediblər.
Avqustun 15-də gənclərlə görüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov düşərgə iştirakçıları və qazaxlı gənclər tərəfindən təşkil olunmuş yekun bağlanış tədbirinə də qatılıb.
Avqustun 16-da baş tutan tədbirdə icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri Kənan Kərimov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonda gənclər sahəsi üzrə fəaliyyət göstərən idarələrin rəhbərləri, düşərgə iştirakçıları, qazaxlı gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gənclərlə görüşən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal onları salamlayıb, Qərbin qapısı sayılan, şairlər diyarı Qazaxda görməkdən məmnunluğunu, qürur hissi duyduğunu qeyd edib. Gənclərlə olan görüşə görə razılığını ifadə edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti sayəsində tarixi zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin tarix, əsl qəhrəmanlıq dastanı yazdıqlarını bildirib. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanan üçrəngli bayrağımız haqqında fikirlərini bölüşən B.Vüsal gənclərimizin, idmançılarımızın beynəlxalq yarışlarda, arenalarda bayrağımızı daim ucalarda tutduqlarını bildirib. “Harda bir ovuc Azərbaycan torpağı varsa, bayraq ordadır. Dünyanın hansı yanında bir azərbaycanlı varsa, bayraq ordadır”, - deyən B.Vüsal üçrəngli dövlət bayrağımıza həsr etdiyi şeirini səsləndirib. Sonda bir daha gənclərin ünvanına xoş sözlərini ifadə edən şair onlarla olan görüşün yaddaşına ən ülvi hisslərlə yazıldığını vurğulayıb.
Düşərgə müddətində aktyorluq sənətinin sirlərini gənclərə öyrədən müəllim Ceyhun Dadaşov çıxış edərək təşkil olunmuş düşərgənin əhəmiyyətindən danışıb. Düşərgədə gənclərə fotoqrafiya, təsviri sənət, aktyorluq və rəqs üzrə təlimlər keçirildiyini qeyd edib. Gənclərə yaradılan bu imkana görə Gənclər və İdman Nazirliyinə, Qazax Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Sonra qazaxlı gənclərin və düşərgə iştirakçılarının vətənpərvərlik mövzusunda olan bir-birindən rəngarəng çıxışları olub. Şeirlər səslənib, mahnılar oxunub, saz ifaları və rəqs nömrələri təqdim edilib.
Düşərgə iştirakçılarından Fərhad Ağayev və Valeria Kavalovanın, Ömər Ramazanovun, Ahmed Doydarovun, Rəşad Şabanovun, Nail Mustafayevin, Turan Həsənovun və Mətanət Yusifovanın rəqs nömrələri gənclərin böyük marağına səbəb olub. Cavidan Qənizadənin “Azərbaycan”, Altun Süleymanovun “Azərbaycan”, “Azərbaycan elləri”, mahnılarını, Yusif Əzizovun səsləndirdiyi “Bayraq”, Şəmsinur Məmmədlinin səsləndirdiyi Xalq şairi Rəsul Rzanın “Mən torpağam” şeirlərini tədbir iştirakçıları maraqla dinləyiblər.
Aşıq Samir Cəlaloğlunun sazın müşayəti ilə şair Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır oğlum” şeirini, Aslanbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qaravəliyevin Rüstəm Qazaxlının “Qazax”, Məhərrəm Qasımlının “Ordumuz”, Elşən Eloğlunun “Qarabağ” şeirlərini səsləndirməsi alqışlarla qarşılanıb.
Qazaxlı gənclərdən Eşqin Ocaqverdiyevin akostik gitarada ifa etdiyi “Şöhrətim, şanım mənim” mahnısı, Afiq Qasımovun sazda ifa etdiyi “Aran gözəlləməsi” el havası gənclərin marağına səbəb olub.
Tədbirdə düşərgədə keçirilən yaradıcılıq gecəsində, müsabiqələrdə, yarışlarda qalib olan, dərslərdə fəal iştirak edən, seçilən gənclər, qrup rəhbərləri Gənclər və İdman Nazirliyi tərəfindən medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda çıxış edərək gəncləri bir daha salamlayıb, onlarla olan görüşdən məmnunluğunu ifadə edib. Gənclərin Qazaxa olan səfərinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri Kənan Kərimova, sektorun baş məsləhətçisi Ülviyyə Zeynalovaya, düşərgənin təşkil olunmasında əməyi keçən insanlara, düşərgədə iştirak edən müəllimlərə minnətdarlığını bildirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər siyasətindən, gənclərə olan dövlət qayğısından söz açan icra başçısı həmin qayğının bu gün də davam etdiyini bildirib. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş, vətənpərvərlik hissinin formalaşmasında, gənclərin dünyagörüşünün artmasında, yeni əlaqələrin qurulmasında, yaradıcı gənclərin üzə çıxarılmasında, ən əsası da gənclərimizin bəşəriyyətin ağır bəlası olan narkomaniyadan qorunmasında mühüm əhəmiyyət daşıyan düşərgənin həmin qayğının davamı olduğunu, gənclərin yaddaşına gözəl anlarla yazıldığını qeyd edib. Gənclərin ünvanına səmimi ürək sözlərini çatdıran icra başçısı müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onlara uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş