Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması
aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə
bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində
ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi
qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla
92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət
büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta
hesabla 50% artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində
2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində
39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta
məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta
məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur. 2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı
sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır.
Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi,
ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət
tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə
genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə
əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək
göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət
göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi
sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya
iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin
dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması
templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat
güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi
beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə
qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o
cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və
nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi
təsir göstərir. Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili
qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına
mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1. Əməkhaqlarının, əmək pensiyalarının və sosial
müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin
artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il
dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 oktyabr 2021-ci il
Facebook-da paylaş