• Təqvim

  • Unutma

  • Maraq



"Qadın zorakılığına yox deyək!" mövzusunda tədbir keçirilib


Noyabrın 23-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 25 Noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "Qadın zorakılığına yox deyək!" mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. V.Hüseynov çıxışında ölkəmizdə ailədaxili münaqişələrin, qadın zorakılığının artmasından, bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı və maarifləndirici tədbirlərin gücləndirilməsinin əhəmiyyətindən danışıb.


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxışında bildirib ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökümət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır.

Tədbirdə Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova qadın zorakılığının baş vermə səbəblərindən, zorakılığın yaratdığı psixoloji problemlər haqqında ətraflı məlumat verib.

Həmçinin, tədbirdə Qazax-Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax rayon MKS-in direktor əvəzi Fəridə Xudiyeva, Ağstafa Regional Mədəniyyət İdarəsinin böyük mühasibi Nigar Seyidova, Qazax rayon MKS-in şöbə müdiri Sədaqət Qasımova, Ağstafa Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aygün Məmmədova mövzu ətrafında çıxış edərək qadın zorakılığını təkcə ölkəmiz üçün deyil, bütün dünyada qlobal problem kimi dəyərləndirərək, ən ağrılı nəticələri, cəmiyyət üçün yaratdığı fəsadlar barədə söz açıblar.

Tədbir diskussiya şəklində davam etdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş