Qazaxda 26 iyul - Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş dəyirmi masa keçirilib
İyulun 26-da “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyul - Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdən öncə Qazax Gənclər Evi və Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, könüllüləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Ulu Öndərin və Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, günün əhəmiyyətindən söz açıb. 1994-cü il iyulun 26-da yaradılan Gənclər və İdman Nazirliyi haqqında məlumat verib. Nazirlik yarandığı ilk gündən bu günə kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə göstərilən dövlət qayğısından danışıb.
“Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin qayğısı ilə olduğu kimi davam etdirildiyini qeyd edib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxışında idman siyasətindən, həmçinin idmançılarımızın beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pillələrinə qalxmalarından, olimpiadaların, dünya çempionatlarının ölkəmizdə ən yüksək səviyyədə təşkil olunmasından danışıb.
"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Fatma Rəhimova çıxış edərək gənclər və idman sahəsində çalışan bütün əməkdaşları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş