Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Lələtəpə zirvəsi” başlığı altında toplantı keçirilib
Aprelin 4-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Olimpiya İdman Kompleksi və "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar "Lələtəpə zirvəsi” başlığı altında toplantı keçirilib. Qazax Olimpiya İdman Kompleksinin akt zalında keçirilən tədbirdə şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucov, şəhid baş leytenant Elvin Namazovun atası Məmməd Namazov, Vətən müharibəsi qaziləri mayor Xəyyam Əliyev, Elvin Carçıyev, Rəşad Fərzəliyev və Tural Vəliyev, gənclər iştirak ediblər.
Əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şanlı Aprel döyüşlərindən söz açıb. V.Nəbiyev qeyd edib ki, aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə hücumu ilə təxribatların qarşısını aldı və döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bu, Aprel döyüşləri kimi tarixə düşdü və bu hadisə qələbə zəfərimizin başlanğıcı oldu.
Sonra Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov, "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Vətən müharibəsi əlili mayor Xəyyam Əliyev, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Zahid Ziyadov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Məleykə Rüstəmova və Səma Aslanova mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda Aprel döyüşlərindən 6 il ötməsinə baxmayaraq xalqımızın həmin anları bu gün də qürurla xatırladığını qeyd ediblər. Vurğulanıb ki, 2016-cı ildə dördgünlük döyüşlərdə qəhrəman əsgər və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib. Və beləcə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin başlanğıcı Aprel döyüşlərində qoyuldu.
GOYEZEN.AZ
Facebook-da paylaş