Qazaxda ziyalılar və ictimaiyyət nümayəndələri Eldəniz Əzimov barəsində ciddi tədbir görülməsi üçün ölkə Prezidentinə müraciət ediblər
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu müstəqil dövlətimiz bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdə təşəkkül tapmış ictimai-siyasi sabitlik, əmin-amanlıq ölkə başçısı tərəfindən qorunub saxlanmaqdadır. Dövlət rəhbərinin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas qayəsini vətəndaşların güzəranının daha da yaxşılaşdırılması təşkil edir. Bu islahatların, məqsədyönlü addımların müsbət nəticələrini biz bu gün doğma Qazaxımızın timsalında görürük. Rayonumuzda son illərdə görülən genişmiqyaslı quruculuq işləri, əldə olunan uğurlu nəticələr bunu söyləməyə əsas verir və əhali tərəfindən razılıqla qarşılanır.
Şəhid ailələri, müharibə əlilləri, veteranları, məcburi köçkün ailələri daim diqqətdə saxlanılır, onların müraciətlərinə həssaslıqla yanaşılır, hər zaman vətəndaşlara qayğıkeş münasibət göstərilir. Bütün bunlar insanlarda vətəndaş məmnunluğu yaradır, eyni zamanda, gənc nəsildə vətənpərvərlik ruhunu daha da yüksəldir.
Çox təəssüflər olsun ki, bütün bunlarla yanaşı rayonumuzun uğurlarını gözü götürməyən, son günlər sosial şəbəkələrdə, bəzi üzdəniraq xəbər saytlarında görülən işlərə kölgə salmaq istəyən və çirkin üsullarla qarayaxma kampaniyası aparan Qazax şəhər sakini Eldəniz Əzimov kimiləri də var. Bu şəxs neçə illərdir Qazaxın mərkəzində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan, dövlət tərəfindən qorunan, XVIII əsrə aid "İsrafil Ağanın hamamı”nı sözün əsl mənasında istismar edib. Bu gün də öz əməlindən çəkinmir. Rayon ictimaiyyətinin gözü qarşısında uçub-dağılmaq təhlükəsi ilə üzləşən, əxlaqsızlıq yuvasına çevirdiyi hamamla, onun təmiri ilə bağlı son günlər sosial şəbəkələrdə olub-olmayan məlumatlar paylaşır. Ən əsası isə öz məkrli niyyəti üçün şəhid ailələrinin, müharbə əlillərinin, rayon ziyalılarının adından istifadə edir. Ziyalılar yurdu olan Qazaxda bu cür şəxsin yaşaması, xüsusilə də barəsində ciddi tədbir görülməməsi rayon ictimaiyyətinin haqlı narazılığına və etirazına səbəb olur.
Aprelin 16-da Qazax Gənclər Mərkəzində rayon ağsaqqalları, ziyalıları, şəhid ailələri, müharibə əlilləri, veteranları, gəncləri Eldəniz Əzimovun tutduğu əməllərlə bağlı görüş keçiriblər. Eldəniz Əzimovun "hamam” fəaliyyəti adı altında milli-mentalitetimizə və mənəviyyatımıza uyğun olmayan işlə məşğul olmasının qarşısının tez bir zamanda alınması üçün hüquq-mühafizə orqanları tərəfindən onun barəsində ciddi tədbir görülməsini xahiş ediblər.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, Qazax Rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova, şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, Kəmərli kəndindən ağsaqqal Rəhim Rəhimov, Orta Salahlı kəndindən ağsaqqal Nəbi Babacanov, Kosalar kəndindən ağsaqqal şair Cavanşir Rüstəm, Daş Salahlı kəndindən ağsaqqal Nemət Əliyev, təqaüddə olan "Tərəqqi” medallı müəllim Səfurə Rəhimova, "Azərsığorta” DŞ Qazax rayon filialının müdiri Mübariz Abdullayev, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, Ağköynək kəndindən Azər Namazov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, təqaüddə olan Əməkdar müəllim Bəsti Ələkbərova Eldəniz Əzimovun son günlər sosial şəbəkələrdə şər, böhtan xarakterli paylaşımları barədə münasibət bildirərək bugünkü ictimai qınağın düzgün və yerində atılmış bir addım olduğunu vurğulayıblar. Onun bu gün üzvü olduğu Yeni Azərbaycan Partiyası sıralarından kənarlaşdırılmasını, onun kimilərin YAP kimi bir partiyanın üzvü olmağa haqqı çatmadığını qeyd ediblər.
Facebook-da paylaş