Milli məclisin deputatları Qazax rayonunun Məzəm kəndində yerli sakinlərlə görüşmüşlər
Bu günlərdə Milli Məclisin deputatları Kamran Nəbizadə, Fuad Muradov və Adil Əliyev Məzəm kəndində olmuş, yerli sakinlərlə görüşmüşlər. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov millət vəkillərinə Məzəm haqqında, onun üç bir tərəfdən düşmənin atəş nöqtələri ilə əhatə olunması və camaatın təhlükəsizliyinin təmin olunması məqsədilə gördüyü işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, istinad divarları çəkildikdən sonra yerli sakinlər öz həyətlərində, evlərində rahat yaşaya bilir, normal həyat sürürlər.
Kənd sakinləri evlərin qarşısına müdafiə divarları çəkildikdən sonra kənddə təhlükəsiz yaşadıqlarından, hər cür diqqət və qayğı ilə təmin olunduqlarından danışmışlar.
Qeyd etmişlər ki, elan olunmamış bu müharibə başlayan vaxtdan indiyə kimi ilk dəfədir ki, onlar öz doğma evlərində, həyətlərində qorxusuz yaşayır, düşmənin atəş nöqtələrinin çox yaxın məsafədə yerləşməsinə baxmayaraq asudə həyat sürürlər.
Evlərin divarlarındakı güllə izlərinə, düşmən tərəfindən açılmış atəş nəticəsində çilik-çilik olmuş pəncərə şüşələrinə baxan millət vəkilləri kənd sakinlərinə həmişə onların yanında olacaqlarını bildirmişlər. Evlərin qarşısına çəkilmiş istinad divarlarının əhəmiyyətini qeyd edərək rayon rəhbərliyinin həyata keçirdiyi bu işi yüksək qiymətləndirmişlər.
Kənd sakinləri ilə görüşdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləş üzrə Azərbaycan Yığma Komandasının böyük məşqçisi Firdovsi Umudov da iştirak etmişdir.
Elçin İSMAYIL
Facebook-da paylaş