Əsas Səhifə > Təhsil > Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər15-10-2021, 22:13 |
Dövlətimizin müstəqilliyi, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi Qazaxda həmişə əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman yüksək səviyyədədir. Rayonda istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində nümunəvi addımlar atılır. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə yaradılmış guşə, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması bu dediklərimizin bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan Abidə Kompleksi də şəhidlərimizə olan hörmət və ehtiramı özündə əks etdirir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq bir işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi Vətən, xalq, dövlət naminə canını fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkandır. Bu gün yaşından asılı olmayaraq hər kəs bu müqəddəs məkanı ziyarət etməyi, şəhidlərimizə olan ehtiramlarını bildirməyi özlərinə borc bilirlər. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar. Ənənəsinə sadiq qalan Mərkəzin əməkdaşları və dərnək üzvləri 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ərəfəsində şəhidlərimizi yad etməyi unutmayıblar. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin xatirəsini əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər. Rayon rəhbərliyi tərəfindən yaradılmış kompleks önünə tər çiçəklər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Şəhidlərimiz, onların keçdikləri döyüş yolu, təltif olunduqları orden və medallar haqqında ətraflı məlumatı özündə əks etdirən lövhələrlə tanış olublar.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi hər zaman əziz tutulacaq. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olacağıq. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir ki, bu, Qazaxda yüksək səviyyədə icra olunur. Bu gün ziyarət etdiyimiz Abidə Kompleksi bu sahədə görülmüş işlərin əyani sübutudur. G.Rəhimova qeyd edib ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunmasında məqsəd həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, həm də gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.
Şəhidlərimizin xatirəsinə olan ehtiramı özündə əks etdirən tədbirdə Mərkəzin dərnək üzvləri tərəfindən Vətən uğrunda canından keçən igid oğullarımıza həsr olunmuş şeirlər səsləndirilib. Qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla bir daha yad olunub. Tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuz qeyd edilib.
GOYEZEN.AZ Geri qayıt |