Əsas Səhifə > Təhsil > Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!
Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!19-06-2021, 15:20 |
Azərbaycana növbəti səfərini reallaşdıran Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addım atdı. Səfər çərçivəsində iyun ayının 16-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Parlamentində geniş çıxış etmişdir. Rəcəb Tayyib Ərdoğanın Şuşada və Azərbaycan Respublikasının Milli Məclisində çıxışı zamanı verdiyi bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Bu konturları şərti olaraq bir neçə istiqamət üzrə qruplaşdırmaq olar. Bunlar əvvəla Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha da qətiyyətlə aparmaqla bağlı dünyaya verdiyi mesajdır. Bir mesaj olaraq dünyaya bildirdi ki, qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməsindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə yarana biləcək müharibə təhdidləri ilə bağlıdır. Türkiyə Prezidenti bu bölgədə sülhün və təhlükəsizliyin əbədi qalmasında maraqlı olduğunu bildirdi. Bu marağın təmin edilməsi üçün Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atacaq. Həmçinin, Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu işlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verir və bundan sonra da verəcəkdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərin əsas leytmotivi ondan ibarətdir ki, davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Türkiyə olaraq inşallah bu prosesdə qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik. Tarix daha bir Türkiyə-Azərbaycan qardaşlığına şahidlik etdi, yeni bir dostluq və qardaşlıq dastanı yazıldı. Xalqımız üçün əlamətdar gündə - 15 İyun – Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi, işğaldan azad edilmiş Şuşaya səfəri çox mühüm tarixi hadisədir. Tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və məkanı tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu mənada Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 İyun - Milli Qurtuluş Günüdürsə, ikincisi onun bir tərəfdən Azərbaycanın mədəniyyət paytaxtı olaraq bilinən, eyni zamanda da alınmaz qala hesab olunan, şəhərin bünövrəsinin əsrlər öncə azərbaycanlı, türk Pənahəli xan tərəfindən qoyulduğu məkanda - Şuşada imzalanmasıdır. Əgər 28 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını Ümummilli Lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. 1921-ci ildə imzalanmış Qars müqaviləsindən tam yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması, heç şübhəsiz, müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Elə təsadüfi deyil ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin münasibətlərində, sadəcə, iki dövlətin rəhbərlərinin, dövlət qurumlarının deyil, onların vətəndaşlarının, cəmiyyətlərinin də bir-birinə olan sonsuz, səmimi sevgisinin təzahürüdür. Müttəfiqlik bəyannaməsində iki dövlət arasında münasibətlərin dərinləşdirilməsinin bütün sahələri ehtiva olunur ki, bu sənəd də bundan sonra Azərbaycan-Türkiyə münasibətlərinin əsas rol xəritəsini təşkil edəcək. Müdafiə sənayesi və qarşılıqlı hərbi yardım ilə bundan sonra iki ölkə bir-birinin təhlükəsizliyini qoruyacaq. Bu, o deməkdir ki, iki ölkədən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birinin yardımına çatacaq. Bununla yanaşı, sənəd heç bir üçüncü ölkəyə qarşı olmadan, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərmək, bölgədə iqtisadi əməkdaşlığı təşviq etməklə sülhü və təhlükəsizliyin təmin edilərək dərinləşdirilməsini özündə ehtiva edir. Bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını özündə ehtiva edən sənədə də istinad edərək Zəngəzur dəhlizinin açılmasının önəmini bildirən Prezident İlham Əliyev bir daha dünyaya mesaj vermiş oldu ki, Azərbaycan da, Türkiyə də regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə əslində bütün regionun inteqrasiyasında maraqlıdır. Bu məsələ qardaş ölkənin və Azərbaycan xalqının sevimli siyasi fiquruna çevrilən hörmətli Ərdoğanın da nitqində öz əksini tapdı ki, Ermənistanın bu çağırışlara adekvat və müsbət reaksiya verəcəyinə ümid edirik. Çünki Prezident Ərdoğan bildirdi ki, bütün əməkdaşlıq ideyalarında Rusiya da var və Rusiyanın dövlət rəhbəri Putin də bütün layihələrə açıqdır. Türkiyənin və Azərbaycanın yürütdüyü qətiyyətli, eyni zamanda, gələcək perspektivləri də özündə ehtiva edən uzaqgörən siyasət bütövlükdə Cənubi Qafqaz regionunun dirçəldilməsinə istiqamətlənib. Mövcud və potensial inkişaf perspektivlərindən kənarda qalmamaq üçün Ermənistan uyğun addımlar atmalıdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinin təşviq edilməsi məsələsi də olduqca önəm kəsb edən məsələdir ki, bu Türkiyənin regionda, burada gedən proseslərdə artıq birmənalı olaraq söz sahibi olduğundan xəbər verir. Türkiyə dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi dövründə hər gün Azərbaycanın yanında olmasını bildirməsi bir daha sübut etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ən dar məqamda belə öz sözünü deyir. Onların siyasətlərinin davamçıları da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Beləliklə, Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. Bu reallıqlar iki dövlətin bundan sonra da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətlərinin uğurla inkişaf edəcəyini deməyə əsas verir. Heç şübhəsiz, Azərbaycan və Türkiyə birgə addımlayaraq yeni zəfərlər qazanacaq, böyük tarixi nailiyyətlərə imza atacaqlar. Məmməd YUSİFOV, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Geri qayıt |