Əsas Səhifə > Təhsil > Tarixi torpaqlara qayıdış milli qürurumuz, milli şərəfimizdir

Tarixi torpaqlara qayıdış milli qürurumuz, milli şərəfimizdir


26-04-2021, 16:37


"Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Cəmi altı ay bundan əvvəl torpaqdan söz düşəndə xəcalətlə gözlərimizi yerə dikərdik, yağı tapdağında qalan, əsirlikdə bizi haraylayan o didərgin torpaqlarımızın ağrısını yaşayardıq. Qisas hissi içimizi didib parçalayardı. Əzəlimiz və sonumuzdan tarixi torpaqlarımız üçün alışıb-yanardıq. Torpaqlarımızın işğal tarixlərini qeyd edərdik.

Fəqət 27 sentyabr 2020-ci il tarixində Dəmir Yumruq altında yenilməz Azərbaycan Ordusu azadlıq yürüşünə, zəfər yürüşünə başladı. Cəmi 44 gün davam edən bu  müzəffər yürüş tarixi torpaqlarımızın işğaldan azad olması ilə başa çatdı. Bütün dünya Azərbaycan əsgərinin göstərdiyi əfsanəvi igidliklərin şahidi oldu. Bütün dünyaya bəyan oldu ki, Azərbaycanın məğlubedilməz Ordusu, yenilməz Ali Baş Komandanı və güclü siyasi Lideri var.

8 noyabr 2020-ci il Azərbaycanın hərb tarixinə şərəf yürüşü, zəfər yürüşü kimi yazıldı. Qalib Sərkərdəmizin - İlham Əliyevin o qürurlu səsi hələ də qulaqlarımdadır: "Əziz Şuşa sən azadsan, əziz Şuşa biz səni dirçəldəcəyik”.

Və tarixi torpaqlarımıza, ermənilər tərəfindən viran edilmiş o mübarək torpaqlara qayıdış başladı. Cənab Prezidentimizin azad olunmuş torpaqlarımızı ziyarət etməsi düşmənin başından ildırım kimi çaxdı.

İndi ən qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı haqqında danışmaq istəyirəm. Zəngəzur xalqımın ən qədim yaşayış məskəni, əzəli yurd yerimizdir. Lakin türkün birliyindən qorxan düşmən xaincəsinə Zəngəzuru Azərbaycandan qopardıb yersiz-yurdsuz Ermənistana birləşdirir. Zaman ötdükcə yurd həsrəti içimzi daha bərk göynətdi.

Hələ 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev Zəngəzur dəhlizinin açılmasına layihə hazırlayır. Lakin həmin dövr Sovet İmperiyasının ədavət qılıncının kəshakəs vaxtı idi, ermənilərin havadarları layihəni dayandırırlar. Hətta, erməni yazıçısı Z.Balayan Zəngəzur dəhlizinin bağlanmasını tələb edirdi. Bu yolu Turan yolu adlandırırdı. Əslində Turan yolunu düz deyirdi. Mən bu yazıçıdan soruşmaq istəyirəm: ”Guya sən bilmirsən ki, sənin xalqın bilmir ki, Göyçə mahalı, Zəngəzur mahalı, Qarabağ xanlığı, İrəvan xanlığı Azərbaycan adlı məmləkətindir”. Bizim müdrik bir ifadəmiz var: "Heç kimin malına göz dikmərəm, mənim malıma göz dikənin gözlərini ovaram”. Siz bilməlisiniz ki, Zəngəzur dəhlizinin açılması üçün bizim hüquqi əsaslarımız var. Ən birincisi Zəngəzur Azərbaycanın ən qədim torpağıdır, ikincisi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış 3 tərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Zəngəzur dəhlizi Azərbaycan xalqı üçün, türk dünyası üçün mənəvi dəyər olmaqla bərabər türk dünyasını birləşdirən bir körpüdür. Vaxtilə Zəngəzurun Ermənistana verilməsi türk dünyasının coğrafi parçalanması idisə, bu gün həmin dəhliz bütün Turan ellərini birləşdirir.

Sonda Z.Balayana və onun rüsvay olmuş xalqına deyirəm ki, nə yaxşı sən ölməyib bu rəzil millətinin "daban yaladığ”ı günün, "it kimi qovulduğu” günün, təslim aktı imzaladığı günün şahidi oldun. Bir gün də İrəvana, Göyçəmizə qayıtmağımızın şahidi olacaqsan. Bizim haqq işimizə göz yumanlar, qulaq qapayanlar eşidin və bilin:

Türkə səcdə, Türkə təzim olacaq,

Əvvəl axır dünya türkün olacaq.

(Zəlimxan Yaqub)

Unutmayın: "Türkü öldürmək olar, Türkü məğlub etmək olmaz” (N.Bonapard).

Dəmir Yumruqlu qalib Sərkərdə! Cənab Ali Baş Komandan! Tarixi torpaqlarımıza qayıdışınız mübarək olsun. Əbədi olsun!

Əfsanəvi igidlikləri ilə hərb tariximizə şərəfli tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə şəfa diləyirəm. Ordumuza Tanrım sizləri qorusun deyirəm.

Gülnar OSMANOVA,

Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini


Geri qayıt