Əsas Səhifə > Təhsil > Qazaxda “Ailə könüllüləri” layihəsində nümunəvi iştirakına görə fərqlənən Məmmədovlar ailəsinə Təşəkkürnamə təqdim olunub

Qazaxda “Ailə könüllüləri” layihəsində nümunəvi iştirakına görə fərqlənən Məmmədovlar ailəsinə Təşəkkürnamə təqdim olunub


1-03-2021, 20:50


Məlum olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə cari ilin aprel ayından başlayaraq "Ailə könüllüləri” layihəsi həyata keçirilir.

2020-ci ildə bu proses daha da genişlənmiş, müxtəlif şəhər və rayonlarımızı təmsil edən onlarla ailə Təşkilat Komitəsi tərəfindən seçilərək layihəyə qoşulmuşdur. Layihəyə qatılan həmin ailələr milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, eləcə də öz uğurlu həyat hekayələri ilə möhkəm ailə modelinin təbliğinə töhfələrini verirlər. Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə, o cümlədən böyük Zəfərlə başa çatan Vətən müharibəsi zamanı zərərçəkmiş şəxslərə, onların ailələrinə maddi və psixo-sosial yardımın göstərilməsi sahəsində Komitənin təşkil etdiyi dəstək kampaniyalarında şəxsi təşəbbüsləri ilə yaxından iştirak edirlər.

Rayonda sayılıb-seçilən nümunəvi ailələrdən olan Qazax Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədovun ailəsi Qazax rayonundan qoşulan ailələr arasında xüsusi aktivlik nümayiş etdirərək fərqlənib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova layihədə nümunəvi iştirakına görə fərqlənmiş və "Təşəkkürnamə”yə layiq görülmüş Məmmədovlar ailəsini qəbul edib, rayon rəhbərliyinin adından səmimi təbriklərini çatdırıb. Nümunəvi addımları ilə digər ailələr üçün örnək olduqlarını qeyd edib.

Məmmədovlar ailəsinin nümayəndəsi Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin musiqi müəllimi Gülnar Məmmədova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan layihəni yüksək qiymətləndirib. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən layihədə iştirak etmələri üçün yaradılan şəraitə və "Təşəkkürnamə”yə layiq görüldüklərinə görə Komitənin sədri Bahar Muradovaya, eləcə də əməkdaşlarına ailəsi adından minnətdarlığını bildirib. Nümunəvi ailələrin üzə çıxarılmasında bu cür layihələrin böyük rol oynadığını və ailələr üçün geniş imkanlar yaratdığını vurğulayıb.

GOYEZEN.AZ


Geri qayıt