Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib

BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib


11-12-2019, 16:45


Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib. Konfransda filialın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin filialın foyesində yerləşən büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfrans Ulu Öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq dahi şəxsiyyətin həyat və fəaliyyətindən söz açıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bildirib ki, Ulu Öndərin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə olan ümidləri daha da gücləndi. A.Rüstəmov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan, müstəqilliyimizin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir və daha da möhkəmlənib. Ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar və beynəlxalq sahələrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü bütün dünyada nümayiş etdirir.

 

Dil-ədəbiyyat və onların tədrisi kafedrasının baş müəllimi Heyran Vəkilova məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə var qüvvəsi və bacarığını ölkənin yüksəlişinə həsr etməsindən, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmasından söz açıb. Qeyd edib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.

Filialın dil-ədəbiyyat və onların tədrisi kafedrasının baş müəllimi Hikmət Yusifov, müəllim Türkan Məmmədova, dil-ədəbiyyat fakültəsinin II kurs tələbəsi Qənirə Musayeva, sosial iş fakültəsinin II kurs tələbəsi Musa Paşayev çıxış edərək Ümummilli Liderin dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən söz açıb, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu qeyd ediblər.




GOYEZEN.AZ


Geri qayıt