Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında “İnamla müstəqilliyə doğru” adlı dəyirmi masa təşkil olunub

BDU-nun Qazax filialında “İnamla müstəqilliyə doğru” adlı dəyirmi masa təşkil olunub


14-11-2019, 22:22


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2019-cu ilin noyabr ayı üçün təsdiqlədiyi Tədbirlər Planına əsasən Mərkəzin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş "İnamla müstəqilliyə doğru” mövzusunda dəyirmi masa təşkil olunub.

Filialın Heydər Əliyev auditoriyasında  təşkil edilən dəyirmi masada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Mətbuat Mərkəzinin rəhbəri Elçin İsmayıl, tələbələr və Mərkəzin kollektivi iştirak ediblər.

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını, tələbələri 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin müstəqillik yollarında keçdiyi şərəfli ömür və siyasi fəaliyyəti haqqında danışıb.


Mərkəzin direktoru Ceyhunə Hüseynova geniş məruzə ilə çıxış edərək Azərbaycan milli azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilən 17 Noyabr – Milli Dirçəliş Gününün 70 il azadlıqdan məhrum edilən, XX əsrin əvvəllərində isə istiqlalın ləzzətini dadan xalqın etiraz səsini ucaltdığı,  ölkəmizin müasir tarixində özünəməxsus xüsusi çəkiyə malik,  əlamətdar günlər sırasında olduğunu bildirib. Qeyd edib ki, bu gün haqqında danışmazdan öncə milyondan çox insanın həmin günlərdə meydanlara çıxaraq Moskvaya, onun apardığı anti-Azərbaycan siyasətinə qarşı haqlı etiraz səbəblərinin tarixinə nəzər salmaq yerinə düşərdi. 17 Noyabr - Milli Dirçəliş Günü dövlətimizin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynamışdır. 1988-ci il 17 noyabrda Bakının əsas hissəsi sayılan Azadlıq meydanında uzunmüddətli mitinqlər başlandı. Bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilərək respublikanın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi savadsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "Sovet” və "Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "Sovet” və "Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Lider milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

 

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd olunur.
17 Noyabr - Milli Dirçəliş Günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyevin sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdiyini, bütün sahələrdə inkişaf və oyanışın müşahidə olunmağa başladığını qeyd edib. Azərbaycanın əsl intibah və dirçəliş dövrünə qədəm qoyduğunu bildirib. Ulu Öndərin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın bu gün onun layiqli davamçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində daha inamla və iti addımlarla zirvələrə doğru getdiyini bildirib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, filialın Riyaziyyat informatika fakültəsinin II kurs tələbəsi Səbinə Camalova da çıxış edərək tədbir iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik ediblər. Ulu Öndərin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin qorunub saxlanılması, əbədi və dönməz olması yolundakı fədakar əməyinin bugünkü gənc nəsilə böyük örnək olduğunu qeyd ediblər. Bu cür tədbirlərin keçirilməsində yaratdığı şəraitə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və Filialın direktoru Arif Rüstəmova təşəkkürlər bildiriblər.


 

GOYEZEN.AZ


Geri qayıt