Əsas Səhifə > Təhsil > Qazaxda təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Qazaxda təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir15-04-2019, 11:30 |
Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı sərəncamlar ölkədə təhsil sahəsinə göstərilən diqqət və qayğıdır. Ən əsası da bu sahədə görülən məqsədyönlü işlər, təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Odur ki, ölkədə təhsil sahəsinə olan qayğı gələcəyimiz olan gənclərə olan qayğı deməkdir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradılır. Bu ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra açılışını etdiyimiz S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb bu dediklərimizin əyani sübutudur. Məhz təhsilə ayrılan diqqətin, göstərilən qayğının nəticəsidir ki, rayon məktəbliləri bu sahədə uğurlu nəticələrə imza atırlar. Ötən il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü sırada dayanması təhsilə olan yüksək qayğının göstəricisidir. Bu uğurun qazanılmasında eyni zamanda 2018-ci ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun da böyük əməyi vardır. İşçi qrupunun yaradılmasında isə əsas məqsəd təhsil sahəsini inkişaf etdirməkdir. Şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirməkdir. Həmçinin, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaqdır. İşçi qrupu yaradılan gündən ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə - təhsilin keyfiyyətinin artırılmasına nail ola bildik. Bunu rayonumuzda məzunların ali məktəblərə qəbul faizinin ilbəil artmasından da görmək olar. Məhz 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 olmuşdur. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə, rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 19 nəfəri 600-dən, 49 nəfəri isə 500-dən yuxarı bal toplayanlardır. Hər il olduğu kimi, 2018/2019-cu tədris ilində Qazax rayon Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvləri şəhər və kənd üzrə rayonun ümumtəhsil məktəblərində olublar. İşçi qrupunun üzvləri - rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov, metodist Orxan Əliyev, ibtidai sinif üzrə metodist Şəfa Yadigarova, M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Yaqubova, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin riyaziyyat müəllimi Amalya Cəfərova, N.Vəliyev adına şəhər 5 saylı tam orta məktəbin fizika müəllimi, "Tərəqqi” medallı Yasəmən Qayayeva, Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin kimya-biologiya müəllimi, Əməkdar müəllim Sədaqət Əmirxanova, S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi, Əməkdar müəllim Mustafa Mirzəyev, coğrafiya müəllimi, Əməkdar müəllim Şadət Carçıyev, İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin xarici dil müəllimi, Əməkdar müəllim Tahirə Xasməmmədova mərhələlər üzrə məktəblərdə olaraq monitorinq aparıblar. I mərhələdə işçi qrupu 16.10.2018-ci il tarixdən 18.12.2018-ci il tarixədək rayonun 20 ümumtəhsil məktəbində - Qazax şəhər 3,4,5 saylı, məktəb-lisey, Hüseynbəyli, Daş Salahlı 1 və 2 saylı, Çaylı 2 saylı, Canalı, Yuxarı Salahlı, Yuxarı Əskipara, Ağköynək, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara kənd tam orta, Fərəhli, Barxudarlı, Birinci Şıxlı, Qarapapaq kənd ümumi orta məktəblərində ayrı-ayrı fənlər üzrə tədrisin vəziyyətini öyrəniblər. Qeyd olunan məktəblər üzrə 181 nəfər müəllimin dərsi dinlənilmiş, sonra işçi qrupunun üzvləri tərəfindən qimətləndirilmişdir. 23 nəfər yüksək, 135 nəfər yaxşı, 22 nəfər orta, 1 nəfər isə zəif nəticə göstərmişdir. Yüksək nəticə göstərən müəllimlərə rayon Təhsil şöbəsi və məktəb rəhbərliyi tərəfindən təşəkkür elan edilmişdir. Zəif nəticə göstərənlərə isə məktəb rəhbərliyi tərəfindən iradlar bildirilmiş və xəbərdarlıq edilmişdir. II mərhələdə 06.03.2019-cu il tarixdən 12.04.2019-cu il tarixə kimi rayonun 8 ümumtəhsil məktəbində - Qazax şəhər 1 və 2 saylı, şəhər ümumi orta, Çaylı 1 saylı, Qazaxbəyli, Bala Çaylı, Aşağı Salahlı, Orta Salahlı kənd tam orta məktəblərdə ayrı-ayrı fənlər üzrə tədrisin vəziyyəti öyrənilib. Bu məktəblər üzrə 80 nəfər müəllimin dərsi dinlənilib. Hər bir dinlənilmiş dərsdən sonra işçi qrupunun üzvləri tərəfindən həmin müəllimlərə iradlar bildirilmiş və metodik tövsiyələr verilmişdir. Dinləmələr fizika, riyaziyyat, kimya-biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, xarici dil, ibtidai siniflər üzrə aparılmışdır. Tərtib edilmiş qrafikə müfaviq olaraq məktəblərdə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün işçi qrupunun fəaliyyəti davam etdirilir. May ayının 15-ə qədər digər 12 ümumtəhsil məktəbində işçi qrupunun dərs dinləmələri davam etdiriləcəkdir. GOYEZEN.AZ Geri qayıt |