Əsas Səhifə > Təhsil > "ASAN Məktub" layihəsi Qazaxın sərhəd kəndi Cəfərlidə
"ASAN Məktub" layihəsi Qazaxın sərhəd kəndi Cəfərlidə27-11-2018, 20:11 |
Respublika Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və agentliyin tabeçiliyində olan "ASAN xidmət” bu gün bütün dünyada bir brendə çevrilib. Gündən-günə yeni layihələri ilə ölkə vətəndaşlarını sevindirən bu xidmətin fəaliyyətindən minlərlə insan yararlanır. Belə layihələrdən biri də uşaqların istəyi əsasında həyata keçirilən "ASAN Məktub” layihəsidir. Adından da göründüyü kimi, layihə uşaqların arzularını asan formada həyata keçirmək üçün xidmət göstərir. "ASAN Məktub” texnologiyanın imkanlarından faydalanaraq çox sayda uşaqların "Gizli Qəhrəman”ına çevrilib. Qeyd edək ki, "ASAN Məktub" layihəsi"ASAN Könüllüləri” Təşkilatının tərkibində yaranıb və 3 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində 3000-dək uşaq müraciəti qeydə alınmış və arzuları həyata keçirilmişdir. Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 3-14 yaş arası uşaqlara məktublar yazdırılır və həmin məktublar www.asanmektub.azsaytına yerləşdirilir. Sayta yerləşdirilmiş məktublarda qeyd olunan istəklər vətəndaşlar və ya şirkətlər tərəfindən təmin edilir. Yekun olaraq hədiyyələr "ASAN Məktub" komandası tərəfindən uşaqlara təqdim olunur. "ASAN Məktub" komandası bu gün Qazaxın sərhəd kəndi Cəfərlidə öz layihəsini reallaşdırıb. Belə ki, layihə iştirakçıları Cəfərli kəndində olub, uşaqlara arzu və istəklərini əks etdirən məktublar yazdırıblar. Gəncə "ASAN xidmət” mərkəzinin vətəndaşların qəbulu işinin təşkili üzrə baş məsləhətçisi Orxan İbrahimli GOYEZEN.AZ saytına müsahibəsində bildirib ki, "ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü ilə reallaşan bu layihənin keçirilməsində əsas məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Aztəminatlı ailələrdən olan uşaqların məktubda yazdığı hədiyyələri öhdəçiliyə götürüb xeyirxah vətəndaşlardan təhvil alınaraq, aidiyyatı üzrə öz sahibinə təqdim etməkdir. "ASAN Könüllüləri” Təşkilatının nümayəndələri Pəri Hüseynli, Mətanət Cəlalova və Elgün Hümbətovun iştirakı ilə baş tutan "ASAN Məktub" layihəsi sərhəd kəndində yaşayan 31 nəfər uşağın arzu və istəyini qeyd edib, onları sevindirməyə çalışıb. Uşaqların arzularının yer aldığı məktublar toplanıb. "ASAN Məktub" komandası Cəfərli kənd uşaq bağçasında olub, uşaqlar üçün yaradılan şəraitlə də tanış olublar. Geri qayıt |