Əsas Səhifə > Sosial > Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam edir
Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam edir15-10-2018, 17:58 |
Bu gün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. Rayonda aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb. Rayonda ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Sərəncamların uğurla icra olunmasının nəticəsidir ki, təmir olunan yaşayış binalarının sayı gündən-günə artır. Respublika Prezidentinin imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun əyani sübutudur. Dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı isə bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Bu gün rayonda təmir olunan binalara misal olaraq Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli, 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60 və 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını və onlarca belə binaları göstərmək olar. Dövlət başçısının müvafiq Sərəncamına əsasən təmir olunan yaşayış binalarından biri də N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı binadır. Artıq 1 həftədən çoxdur ki, binanın blokları ilə yanaşı, həyətində də abadlıq işlərinə başlanılıb. Bloklarda köhnə suvaq çapılaraq tökülür və yenidən suvaq işi aparılır. Elektrik, qaz və rabitə xətləri səliqəyə salınır. Binanın həyətində sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evi tikilir. Həmçinin həyətdəki qarajlar da təmir olunur. Belə ki, bütün qarajların xarici fasadları suvanır, üzlük vurularaq yenidən rənglənir. Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada da əsaslı şəkildə təmir işləri aparılır. Bu binanın da xarici fasadında, bloklarında yüksək səviyyədə təmir işlərinə başlanılıb. Uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşmüş bina bu gün müasir görkəmə salınır. Bunun üçün istər bloklarda, istərsə də binanın həyətində abadlıq işləri görülür. Məlumat üçün qeyd edək ki, şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların da dam örtükləri dəyişdirilir. Yaşadıqları binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan sakinlər respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını bildirən bina sakinləri çoxmənzilli binaların təmiri ilə bağlı imzalanmış Sərəncamların rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndirirlər.
GOYEZEN.AZ
Geri qayıt |