Əsas Səhifə > Sosial > Məzəmdə istinad divarlarının çəkilişi başa çatıb

Məzəmdə istinad divarlarının çəkilişi başa çatıb


8-09-2018, 10:27


Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, 168 km məsafədə düşmənlə sərhəddi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazaxda Vətənin ərazi bütövlüyü, sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı hər şeydən üstün tutulur.

25 ildən çoxdur ki, rayonun işğal altında olan kəndləri ilə yanaşı, 5 kəndi də daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Bunlardan sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir. Digər kənd sakinləri kimi Məzəmdə yaşayan sakinlər də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd də 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi fəaliyyətə başladığı ilk gündən düşmənlə sərhəddə yerləşən Məzəm kəndi və orada yaşayan sakinləri daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin sərhəd bölgəsində yaşayan məzəmlilərə qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqların yerindəcə həll etməsi, ən əsası da onlarla mütəmadi olaraq görüşlər keçirməsi bunu bir daha sübut edir. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür.

Düşmənin 6 atəş nöqtəsindən atəşə məruz qalan kənd sakinləri daim qorxu altında yaşayırdılar. Hər zaman düşmən gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər.

Rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermişdi. Ötən il kənddəki 21 evin qarşısına istinad divarları çəkilmişdir. 1381 p/m uzunluğunda olan bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərində rahat yaşaya bilirlər.

Sevindirici hal isə odur ki, Məzəm kəndində evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi işi bu il də davam etdirildi. İcra başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq kənddə daha 12 evin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi.

Artıq həmin evlərin qarşısına istinad divarlarının çəkilməsi tam başa çatıb. Çəkilməsi nəzərdə tutulan 238 p/m (714 kv.m) uzunluğu və 3 metr hündürlüyü olan bu müdafiə hasarları sayəsində kənd sakinləri öz həyətlərində qorxusuz hərəkət edirlər. Evlərinin qarşısına istinad divarları çəkilmiş sakinlərdən Vüqar Nəsibov, Rafiq Məmmədov, Şofiq Məmmədov, Misir Məmmədov, Varis Məmmədov, Akif Məmmədov və başqaları sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirirlər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırırlar.

Sakinlər qeyd edirlər ki, bu gün biz rahat şəraitdə yaşayırıqsa, bizim təhlükəsizliyimiz üçün bu cür istinad divarları çəkilirsə, bu, dövlətin və Prezidentin biz sadə vətəndaşlara göstərdiyi qayğının bariz nümunəsidir. Minnətdarlıq dolu ürək sözlərini çatdıran kənd sakinləri öz doğma kəndlərini hər an müdafiə etməyə və Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirirlər.







GOYEZEN.AZ


Geri qayıt