Əsas Səhifə > Səhiyyə > Qazax Rayon Psixiatriya Xəstəxanasına yeni təyinatdan sonra xəstəxanada olan nizam-intizam daha da artırılıb

Qazax Rayon Psixiatriya Xəstəxanasına yeni təyinatdan sonra xəstəxanada olan nizam-intizam daha da artırılıb


21-12-2021, 16:07


Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində bütün sahələr kimi, səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması dayanır. Təqdirəlayiq haldır ki, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkədə səhiyyə islahatlarının uğurla reallaşdırılması təkcə paytaxt Bakını deyil, bütün bölgələrimizi əhatə edir. Respublikamızda inşa olunan tibb müəssisələri ən müasir avadanlıqla təchiz olunur, müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilir, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir edilir. Qazaxda da bütün sahələr kimi, səhiyyə sahəsi dövlətimizin qayğısı ilə tam əhatə olunub. Dövlət başçısının bu sahəyə olan diqqəti sayəsində rayonda sakinlərin sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Ötən il martın 3-də ölkə başçısının iştirakı ilə yeni istifadəyə verilən 145 çarpayılıq 10 korpusdan ibarət olan Rayon Mərkəzi Xəstəxanası bu sahəyə olan qayğının bariz nümunəsidir. Yeni inşa olunan müasir tibb ocağı Qazaxda səhiyyə sahəsinin inkişaf etdirilməsi istiqamətində atılan ən uğurlu addımdır.

Qazax Rayon Psixiatriya Xəstəxanası, bu xəstəxanada çalışan işçilər və müalicə alan xəstələr də hər zaman dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin qayğısı ilə əhatə olunur. Son illər xəstəxanada aparılan təmir işlərinə nəzər yetirərkən, əvvəlki şəraitlə bugünkü vəziyyəti müqayisə edərkən aydın şəkildə görmək olur ki, şərait xeyli dərəcədə yaxşılaşıb. Bu, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə olunan xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibətini köklü surətdə dəyişib.

Qazax Rayon Psixiatriya Xəstəxanası həm də nizam-intizamı, xəstəxanada müalicə alan xəstələrə göstərilən diqqət və qayğı ilə də hər zaman nümunə olub. Bu səhiyyə ocağında çalışan həkimlər, tibb işçiləri burada müalicə alan hər bir xəstəyə xüsusi həssaslıqla yanaşır, daim onların qayğılarını çəkirlər. İllər öncə əsası qoyulan ənənə bu gün də davam etdirilir. Bu ilin avqust ayından xəstəxanaya baş həkim təyin olunan Venera Salifova çalışdığı səhiyyə ocağında bu günə kimi olan ənənələri qoruyub saxlayır.

Xəstəxananın həkim-psixiatrı Səyalı Ağacanova, aşbaz Solmaz Mahmudova, ərazi ilk partiya təşkilatının sədri Qəmər Göyüşova da Venera Salifovanın baş həkim kimi təyinatından sonra xəstəxanada olan nizam-intizamın daha da artdığını, burada olan abu-havanın yaxşıya doğru dəyişdiyini, bir çox yeniliklərin olduğunu bildirirlər. Onun xəstəxanada həkim kimi işlədiyi müddətdə həm çalışdığı kollektivin, həm də müalicə alan xəstələrin rəğbətini qazandığını, bu gün də nümunəvi addımları ilə seçildiyini qeyd edirlər. Baş həkim təyin olunduğu ilk gündən hər şeyin, yeməklərin, meyvələrin çeşidinin belə müalicə alan xəstələrin istəyinə, onların tələbatına uyğun olaraq tənzimləndiyini vurğulayırlar.

Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Venera Salifova, xəstəxanada çalışan işçilər, müalicə alan xəstələr rayonda səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə razılıqlarını bildirirlər. Qazax Rayon Psixiatriya Xəstəxanasının kollektivinə və burada müalicə olunan xəstələrə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edirlər.




Məlumat üçün onu da qeyd edək ki, Qazax Rayon Psixiatriya Xəstəxanasına baş həkim təyin edilən Salifova Venera David qızı 12 fevral 1956-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində ziyalı ailəsində doğulub. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi əla qiymətlərlə bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilatikası fakültəsinə qəbul olub. Universiteti əla və yaxşı qiymətlərlə bitirən Venera həkim internaturanı Psixiatriya üzrə keçib. 1983-cü ildən Qazax Rayon Psixiatriya Xəstəxanasında həkim-psixiatr kimi fəaliyyətə başlayıb. İşlədiyi müddətdə xəstəxana region xəstəxanası olduğuna görə bir neçə rayonlardan xəstələri olub, müayinə və müalicə edib. Müalicələri effektli olub, həmişə razılıq eşidib. İşlədiyi müddətdə hər zaman hərbçilər, qazilər, çağırışçıların müraciətlərini səmimiyyətlə dinləyib, əlindən gələn köməkliyi əsirgəməyib. 39 il həkim-psixiatr stajı olan Venera Salifova 06.08.2021-ci il tarixdən Səhiyyə Nazirliyinin göstərişi ilə Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.

 

GOYEZEN.AZ


Geri qayıt