Əsas Səhifə > Səhiyyə > Qazaxda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb
Qazaxda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb9-02-2021, 20:38 |
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə yanvarın 18-dən başlanılan əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aparılan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Artıq vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunub. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiya prosesinə başlanılıb. Bu günə kimi 116 nəfər yaşı 65-dən yuxarı şəxs peyvənd olunub. Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Bu mərhələnin də nizamlı təşkil olunması üçün 65 yaşdan yuxarı sakinlərimizə http://randevu.its.gov.az/ internet ünvanına daxil olub qeydiyyatdan keçərək vaksinasiya olunmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasını seçmələri, göstərilən tarix və saatda xəstəxanada olmaları tövsiyə olunur.
GOYEZEN.AZ Geri qayıt |