Əsas Səhifə > Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin təltif olunduqları medallar ailələrinə təqdim edilib

Qazaxda Vətən müharibəsi şəhidlərinin təltif olunduqları medallar ailələrinə təqdim edilib


6-06-2022, 18:46


2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi cəmi 44 gün sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində tarixi Qələbə ilə başa çatdı. 44 günlük savaş Vətən müharibəsi kimi Azərbaycanın xalqının yaddaşına əbədi həkk olundu və heç vaxt silinməyəcək. Ona görə ki, Vətən müharibəsində Azərbaycanın igid, qəhrəman, cəsur oğulları sayəsində tarixi torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdardır.

44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.

44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 189 orden və medallarla (onlardan 11-i orden, 178-i medal) təltif olundu. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 590 orden və medallarla (onlardan 4-ü orden, 586-sı medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib.

İyunun 6-da Qazaxda daha iki Vətən müharibəsi şəhidinin - baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun MAHHXHQ əsgər Məmmədov Tural Elxan oğlunun təltif olunduqları "Kəlbəcərin azad olunmasına görə” medalları şəhidlərimizin ailələrinə təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir ÇobanovAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti, kapitan Natiq Əbilov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalları sahiblərinə çatdırıblar.

Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan, apardığımız haqq savaşında əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd ediblər. Torpaq uğrunda canından keçən şəhidlərimizlə, eləcə də igid, vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini, illər ötsə, nəsillər dəyişsə belə şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını bildiriblər. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyiblər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini vurğulayıblar.

Övladlarının təltif olunduqları medalları qəbul edən şəhid atası Hacıbala Hüseynov, şəhid anası Şükufə Quluyeva onlarla fəxr etdiklərini, qəhrəman oğullarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”,"Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu


Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qızılhacılı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlu



GOYEZEN.AZ


Geri qayıt