Əsas Səhifə > Şəhidlər > 8 Noyabr – Zəfər Günü ərəfəsində Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçiriləcək

8 Noyabr – Zəfər Günü ərəfəsində Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçiriləcək


23-10-2021, 16:13


XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Lakin 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımızın, soydaşlarımızın torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etdi. 8 noyabr 2020-ci il tarixi Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yaddaşlara yazıldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Və 10 noyabr 2020-ci il yaddaşlara tarixi Qələbə kimi həkk olundu.

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü olaraq qeyd olunduğu kimi, mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu gün – 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqındaimzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamı da bunun əyani sübutudur. 

Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: "Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.

Bu Sərəncam xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsinə ən böyük töhfədir.

Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

8 Noyabr – Zəfər Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Həmin tədbirlər çərçivəsində şəhidlərimizin uyuduqları şəhər və kənd qəbiristanlıqlarında hər il ənənə şəklini alan ümumrayon iməciliyi keçiriləcək.

30-31 oktyabr 2021-ci il tarixində şəhidlərimizin məzarlarının da yerləşdiyi həmin qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılacaq. Səliqə-sahman yaradılaraq, ərazi iri otlardan, kol-kosdan təmizlənəcək, ehtiyac olan digər işlər görüləcək. 

GOYEZEN.AZ


Geri qayıt