Əsas Səhifə > Şəhidlər > Anadan igid doğulan Vətən oğullarını unutmağa haqqımız yoxdur

Anadan igid doğulan Vətən oğullarını unutmağa haqqımız yoxdur


27-06-2021, 14:08

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətənpərvərliyin ən ali məqamıdır - şəhid olmaq, bu uca zirvəyə yüksəlmək. Tarix boyu Azərbaycanın igid, mərd, vətənsevər oğul və qızları məhz bu amal uğrunda yaşayıblar. Ölümün gözünə dik baxaraq Vətən, torpaq, yurd yolunda canlarından keçiblər. Bu ucalığa yüksələnlərin, bu ömür yolunu seçənlərin həyatı nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Ona görə də bizlərin haqqı çatmır ki, anadan igid doğulan Vətən oğullarını unudaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanları unutsaq bu torpağın havası, suyu belə bizlərə haram olar. Canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına sahib çıxdığımız kimi, onları da daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Çünki "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək bizim hər birimizin müqəddəs vəzifəsidir.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha bir bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – çavuş Surxay Məmmədovun, çavuş Pərvin İsgəndərovun, Rəşad Quluyevin, baş çavuş Alı Alıyevin, Şəmisdan Əmiraslanovun, Vidadi Göşşüyevin, Həmid Tağıyevin, çavuş Səlamət Həsənovun, Söhrab Pirvəliyevin, Mehman Cürənov əziz xatirəsini ehtiramla yad edirik.

Çavuş Məmmədov Surxay Nəsib oğlu


Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Çavuş İsgəndərov Pərvin Pərviz oğlu


Çavuş İsgəndərov Pərvin Pərviz oğlu 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd oğlunun yanında dəfn edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğul övladı yadigar qalıb.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Quluyev Rəşad Şəhraz oğlu


Quluyev Rəşad Şəhraz oğlu 27 noyabr 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1990-cı ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1994-сü ildə həmin məktəbin dördüncü sinfini bitirmişdir. 1994-cü ildə Xanlıqlar kənd əsas məktəbin beşinci sinfinə daxil olmuş və 1999-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 25 iyun 1999-cu ildə Bala Cəfərli kəndində ot sahəsindən araba ilə ot gətirərkən ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.

Baş çavuş Alıyev Alı Hümbət oğlu


Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.                                      

Əmiraslanov Şəmisdan Əmiraslan oğlu


Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur.

Göşşüyev Vidadi Mürsəl oğlu


Göşşüyev Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə "Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 nömrəli tam orta məktəbə və bir bulağa şəhidimizin adı verilmişdir.

Tağıyev Həmid Bəhmən oğlu


Tağıyev Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa şəhidimizin adı verilmişdir.

Çavuş Həsənov Səlamət Muxtar oğlu

Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var. "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir.

Pirvəliyev Söhrab Aslan oğlu


Pirvəliyev Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 27 iyun 1995-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi.

Cürənov Mehman Məcid oğlu


Cürənov Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.


Geri qayıt