Əsas Səhifə > Şəhidlər > Vətən müharibəsinin qazaxlı şəhidi əsgər İlqar Hüseynovun doğum günüdür
Vətən müharibəsinin qazaxlı şəhidi əsgər İlqar Hüseynovun doğum günüdür17-01-2021, 12:46 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
Yola saldığımız 2020-ci il tarixə Qələbə, Zəfər ili kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızı sahibinə qaytardı. 44 günlük Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik. "Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də əsgər Hüseynov İlqar Yaşar oğludur. Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi əsgər İlqar Hüseynovun doğum günüdür. Yaşasaydı 20 yaşı tamam olacaqdı...
Bizim hər birimizin vətəndaş olaraq borcu və vəzifəsi şəhidlərimizi hər an yad etmək, onları daim hörmət və ehtiramla anmaqdır. Bütün şəhidlərimiz kimi şəhid İlqar Hüseynovun da əziz xatirəsini dərin ehtiramla yad edirik. Vətəni canı qədər sevən qəhrəman Vətən oğlunun ruhu qarşısında baş əyərək ailəsinə və yaxınlarına bir daha başsağlığı veririk. Ruhun şad, məkanın cənnət olsun Şəhidim! Şəhid İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinfinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu qəhrəmancasına şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |