Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvarından otuz il ötür. Xalqımız hər
il 20 Yanvar gününü böyük
ehtiramla yad edir. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika
Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam
imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin
hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş
anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının
hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin
Sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər
planı" təsdiq edilib.
Respublikamızın hər yerində olduğu
kimi, Qazaxda da 20 Yanvar hadisələri hər il silsilə tədbirlərlə anılır,
azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla yad olunur. Bununla əlaqədar Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234
nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər
planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil,
səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu
ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Növbəti anım tədbirləri Azərbaycan Respublikası Beynəlxalq
Bankın Qazax filialında, "Kapital Bank” ASC-nin
Qazax filialında, Aqrar Səhmdar Kredit Təşkilatının Qazax
filialında, Qazax Dövlət Dram Teatrında, Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda keçirilib.
Anım tədbirlərində əvvəlcə 20 Yanvar faciəsi
qurbanlarının, Vətənimizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid
oğul və qızlarımızın əziz xatirələri
bir dəqiqəlik sükutla yad olunub.
Avey
Dövlət Tarix-Mədəniyyət qoruğunda keçirilən tədbirdə iştirak edən Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quluyeva və
başqaları çıxış edərək 1990-cı il
yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni
zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisəsindən 30 il
keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını, həmin
faciənin ağrısı ilə yaşadığını, bu vəhşiliyi törədənlərə dərin nifrət bildirdiyini
qeyd ediblər. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin
onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq
buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun
döyüş hissələrinin yeridilməsini Azərbaycanda misli görünməmiş faciəyə gətirib
çıxardığını bildiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının
canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını diqqətə çatdırıblar. Bildiriblər
ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi
Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də
mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində
uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz
suverenlik əldə etdi.
Çıxışlarda həmin vaxt Moskvada yaşayan Ümummilli Lider
Heydər Əliyevin həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın
daimi nümayəndəliyinə gəlməsindən və Qanlı Yanvar qırğınını törədənləri pisləyən
kəskin bəyanatla çıxış etməsindən, xalqımızın başına gətirilən müsibətin
dünyaya çatdırmasından da söz açılıb. Qeyd olunub ki, Ulu Öndər bu hərəkəti ilə
cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz
yenə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə
yenidən qayıdışından sonra 1994-cü il martın
29-da dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik
orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.
GOYEZEN.AZ
Geri qayıt
|