Əsas Səhifə > Şəhidlər > Şəhidlərimizin qəhrəmanlığı, şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnək olub

Şəhidlərimizin qəhrəmanlığı, şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnək olub


28-04-2019, 09:25


Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Bu gün hər birimiz ölkəmizdə vətənpərvərliyin təbliği işini uğurla aparmalıyıq. Müasir yeniyetmə və gənclərimizə Vətənimizi sevməyi, onun uğrunda canından keçən şəhidlərimizi heç vaxt unutmamağı, onlarla daim fəxr etməyi öyrətməliyik. Hər bir gəncə şəhidlərimizin qısa, lakin şərəfli ömür yolundan özlərinə örnək götürmələrini, qəhrəmanlığı onlardan öyrənməli olduqlarını təbliğ etməliyik. Hər bir gənc bilməlidir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünya miqyasında seçilən ölkələr sırasında yer alır. Ən əsası da müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumağa qadir olan müzəffər orduya sahibik və əminliklə deyə bilərik ki, tez bir zamanda əzəli və əbədi ata-baba yurdlarımıza qayıdacağıq. Üçrəngli bayrağımız Qarabağda Şuşada, Xankəndidə dalğalananda, Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhid olan igid oğullarımızın ruhları rahatlıq tapacaq.

Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır.  

Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı da mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan şəhidlərimizdən Saleh Həsənovun, Şahin Mustafayevin, Qoşqar Qurbanovun, İsmayıl Musayevin, Alı Eminovun, Yaşar Hüseynovun əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Həsənov Saleh Hüseyn oğlu


Həsənov Saleh Hüseyn oğlu 14 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 23 aprel 1992-ci il tarixdə Qazax rayonunun Ağköynək kəndində "Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya düşmüşdür. Evli idi. 1 övladı var. Qarapapaq kənd qəbiristanlığında dəfn edilmişdir.

Mustafayev Şahin Cəmşid oğlu


Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun, Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.

Qurbanov Qoşqar Məqsəd oğlu


Qurbanov Qoşqar Məqsəd oğlu 26 aprel 1980-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1987-ci ildə Fərəhli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil  olmuş, 1995-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1995-99-cu illərdə Qazax  rayon Kənd Təsərüfatı Texnikumunda təhsil almışdır. 1999-2001-ci illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmiş, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-2014-cü illərdə fərdi əməklə məşğul olmuşdur.

2014-cü ildə Azərbaycan Milli Ordu sıralarında müddətsiz hərbi xidmətə daxil olaraq kiçik  çavuş rütbəsi ilə xidmət etmişdir.

7 dekabr 2014-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində hərbi vəzifə borcunu yerinə yetirərkən hərbi texnika ilə düşmən tərəfindən basdırılmış minaya düşərək şəhid  olmuşdur. Fərəhli kəndində dəfn edilmişdir.

Evli idi. Hazırda həyat yoldaşı Aygül Məmmdova, oğlu Elmir Qurbanov və qızı Hamaya Qurbanova Qazax şəhərində yaşayırlar.

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə  görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazax şəhəri M.Rəsulzadə küçəsində adına bulaq kompleksi inşa edilmişdir. Şəhidin vəfatının 4-cü ildönümü günündə həmin bulaq kompleksinin açılışı olmuşdur.

Musayev İsmayıl Ürfət oğlu


Musayev İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam etdirmişdir.

1992-ci ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş İsmayıl Musayevi 707 saylı hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər.

Bir ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Böyük Cəfərli və Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O, 1992-ci il iyul ayının 20-də Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşmuş və 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır.

Eminov Alı Məhəmməd oğlu


Eminov Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı  Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya düşərək şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

                                                           Hüseynov Yaşar Eldar oğlu


Hüseynov Yaşar Eldar oğlu 14 may 1966-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 28 aprel 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü ildən şəhid statusu verilib. 


Geri qayıt