Əsas Səhifə > Rəsmi > Dövlət müstəqilliyini dünyaya tanıtmaq onu qazanmaq qədər çətin idi

Dövlət müstəqilliyini dünyaya tanıtmaq onu qazanmaq qədər çətin idi


18-10-2021, 11:49


18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Kostitusiya Aktı yekdilliklə qəbul edildi. 6 fəsil, 32 maddədən ibarət olan Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Lakin bununla iş bitmirdi. Qarşıda ən vacib məsələ - Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanıdılması başlıca vəzifə kimi dururdu. Dövlət müstəqilliyini dünyaya tanıtmaq onu qazanmaq qədər çətin idi.

Azərbaycan Respublikasının Ali Soveti 29 oktyabr 1991-ci il tarixində Müstəqil Azərbaycan Respublikasının tanınması haqqında dünya dövlətlər birliyinin üzvü olan dövlətlərin parlamentlərinə və hökumətlərinə müraciət etdi. Müraciətdə deyilirdi: ”Yenidən dünya birliyinin bərabər hüquqlu üzvü olmaq istəyən Azərbaycan dövləti hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə tərəfdar olduğunu qeyd edərək, bütün dövlətləri, onların parlamentlərini və hökumətlərini Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannaməni nəzərə almağa və Azərbaycan Respublikasını müstəqil suveren dövlət kimi tanımağa çağırır”.

Bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan bu uğurunu qısa müddətdə dünya dövlətlərinə tanıtdıra bildi. Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1918-ci ildə olduğu kimi, keçən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan dövlət yenə Türkiyə olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında dadeyib. "Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Dekabrın 13-də Pakistan analoji bəyanat verdi. Dekabrın 23-də İsveçrə, 2 gün sonra isə İran Azərbaycanın müstəqilliyini tanıdıqlarını bildirdilər. Bu proses 1992-ci ildə də sürətlə davam etdi və yanvar ayının 23-də ABŞ, aprelin 10-da siə Rusiya və başqa dövlətlər müstəqilliyimizi tanıdılar. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi. Beləliklə, Azərbaycan Respublikası 1992-ci ilin sonuna kimi müstəqil dövlət kimi dünya miqyasında öz yerini möhkəmlətməyə başladı. Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı.

Zaman keçdikcə Azərbaycanın müstəqilliyini tanıyan ölkələrin coğrafiyası get-gedə dəyişdi, müstəqil dövlət kimi əlaqələri genişləndi. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan qısa müddətdə İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların üzvü oldu, başqa beynəlxalq təşkilatlarla münasibətlər quraraq əməkdaşlıq etməyə başladı.

Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyimizi yüksək qiymətləndirərək demişdir: "Bu gün qeyd etmək istəyirik ki, bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızıdır. Bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir. Çunki əsrlər boyu Azərbaycan xalqı müstəqilliyindən məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək istəyirəm ki, müstəqilliyimiz ən böyük nailiyyətimizdir”.

Elçin İSMAYIL,

"Göyəzən” qəzetinin baş redaktoru,

"Tərəqqi” medalı və "Qızıl qələm” mükafatı laureatı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Geri qayıt