Əsas Səhifə > Rəsmi > Qazaxda COVID-19-a yoluxmuş və ev şəraitində müalicə alan vətəndaşın yaşadığı ərazidə sakinlərlə profilaktik söhbət aparılıb
Qazaxda COVID-19-a yoluxmuş və ev şəraitində müalicə alan vətəndaşın yaşadığı ərazidə sakinlərlə profilaktik söhbət aparılıb4-07-2020, 15:18 |
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup da yaradılıb. Daxilində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, yaşayış məntəqələrində əhali arasında profilaktik-maarifləndirici tədbirlər həyata keçirirlər. Bu gün isə mobil qrup üzvləri bir müddət əvvəl rayonun Orta Salahlı kəndində COVID-19 infeksiyasına yoluxması təsdiq edilmiş kənd sakini İsmayılova Tükəzban Cavanşir qızının yaşadığı ərazidə olub, qonşuluqda yaşayan sakinlərlə tibbi-profilaktik və maarifləndirici söhbətlər aparıblar. Qeyd edək ki, virusa yoluxmuş xəstənin simptomları yüngül olduğundan və yaşadığı evin şəraiti xəstəni təcrid etməyə imkan verdiyindən onun müalicəsi xüsusi həkim briqadasının nəzarəti altında evdə davam etdirilir. Qonşulardan Xalsayeva Samaya Əmirxan qızı, Nəsibov Azər Oruc oğlu, Nəsibova Gülqənd Cümşüd qızı və başqaları ilə aparılan söhbət zamanı onlara ölkəmizdəki mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına, özünütəcrid və izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etmələrini bildiriblər. Tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyini diqqətə çatdırıblar. Eyni zamanda koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan həmin xəstə ilə təmasda olmamaları, mümkün qədər özünütəcrid tədbirlərinə əməl etmələri tövsiyə olunub. Bundan əlavə, həmin vətəndaşın özünütəcrid və izolyasiya tədbirlərinə əməl etməsinə nəzarət etmələri, evdən çıxaraq karantin rejimi və izolyasiya qaydalarını pozduğu halda dərhal Qazax Rayon İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargaha məlumat vermələri bildirilib. Sonda bir daha qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq hər bir vətəndaşın borcudur. Odur ki, hər bir vətəndaş üzərinə düşən işin məsuliyyətini dərk etməli və dövlət tərəfindən keçirilən tədbirlərə dəstək olmalıdır. Bu işə ilk növbədə özümüzü, yaxınlarımızı, doğmalarımızı, ətrafımızdakı yüzlərlə insanı qorumaqla başlamalıyıq. Bunun üçün də ən başlıca işimiz xüsusi karantin rejimi qaydalarına birmənalı şəkildə əməl etməkdir.
GOYEZEN.AZ Geri qayıt |