Əsas Səhifə > Rəsmi > Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda növbəti fəaliyyətinə başlayıb

Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda növbəti fəaliyyətinə başlayıb


7-11-2019, 12:54


Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanır.

Xəbər verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 6 noyabr 2019-cu il tarixdən texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmətlər göstərməyə başlayıb.

5 dekabr 2019-cu il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı GOYEZEN.AZ saytına müsahibəsində bildirib ki, 30 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti daxildir.

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil olunur.

Qrup rəhbəri qeyd edib ki, səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məlumat üçün qeyd edək ki, bir gündür ki, fəaliyyətə başlamasına baxmayaraq müraciət edən 206 nəfərə xidmət göstərilib.





Geri qayıt