Əsas Səhifə > Rəsmi > Qazaxda “1 mart Ümumdünya Mülki Müdafiə Günü” silsilə tədbirlərlə qeyd olunub

Qazaxda “1 mart Ümumdünya Mülki Müdafiə Günü” silsilə tədbirlərlə qeyd olunub


1-03-2019, 16:54


BMT 1972-ci ildən dünyada 1 mart tarixinin Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilata üzv olub. Azərbaycan Respublikası Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv seçilən gündən bu mötəbər qurumla sıx əməkdaşlıq edir. Azərbaycan dövləti fövqəladə halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat və fikir mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə əldə olunmuş nailiyyətlərin ölkəmizdə tətbiq edilməsində maraqlıdır.

Qazax rayonu ərazisində fəaliyyət göstərən fondlarda, səhmdar cəmiyyətlərdə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nün "Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda keçirilməsi ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Bahadur İbrahimov, Gəncə Regional Mərkəzinin maarifləndirmə sektorunun müdiri Elnur İmanov, mülki müdafiə idarəsinin mülki müdafiə planlaşdırma şöbəsinin baş zabiti Yusif Babayev, Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı iştirak ediblər.

"1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar ilk tədbir "Qaz İxrac” İdarəsinin Qazax Magistral Qaz Kəmərləri Sahəsində keçirilib.

"Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda keçirilən tədbirdə sahənin fövqəladə hallar komissiyasının sədri, baş mühəndis Mehman Məmmədov çıxış edərək mülki müdafiənin rolu, məqsədi, fövqəladə halların qarşısının alınmasına həmişə hazır olmağın vacibliyi haqqında məlumat verib. Sahədə təşkil olunmuş MM əmlaklarının sərgisinə baxış keçirilib, işçilərlə maarifləndirici söhbətlər aparılıb.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində də "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib. Kollecin direktoru Elşad Quliyev "Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusuna həsr edilmiş geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, keçirilən tədbirlərin əsas məqsədi vətəndaşları, xüsusilə də məktəbliləri maarifləndirmək, onlara fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına necə riayət etməyi öyrətməkdən ibarətdir.

Sonra "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar hazırlanmış videoçarx nümayiş olunub və sərgiyə baxış keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında Ümumdünya Mülki  Müdafiə  Gününə  həsr olunmuş  tədbirdə də günün qlobal  problemi  olan təbii fəlakətlərin qarşısının alınması üçün görülən işlər haqqında məktəblilər  maarifləndirilib. Uşaqların əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxılıb.

"1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də qeyd olunub.

Keçirilən tədbirlərdə respublikamızda, eləcə də rayonumuzda mülki müdafiə ilə əlaqdər həyata keçirilən işlərdən danışılıb. Əhalinin fövqəladə hadisələrə hazır olması baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığı qeyd edilib.

Bildirilib ki, mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdən biridir.

Qazax rayonunun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq rayonumuzda mülki müdafiə haqqında müvafiq Qanun və Qərarların icrasına diqqət artırılmış, mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarına uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə rayonun bütün əhalisinin hazırlanması planlaşdırılmış və həyata keçirilir. Məqsəd rayon ictimaiyyətinin diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir.








GOYEZEN.AZ


Geri qayıt