Əsas Səhifə > Rəsmi > Azərbaycan-Gürcüstan Transsərhəd Əməkdaşlıq naminə “Birgə Fəaliyyət Planı” hazırlanacaq

Azərbaycan-Gürcüstan Transsərhəd Əməkdaşlıq naminə “Birgə Fəaliyyət Planı” hazırlanacaq


11-09-2018, 14:30


10-11 sentyabr tarixlərində Qazax rayonunda Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai BirliyiGürcüstanın CİDA təşkilatı ilə birgə Qazax rayonunda 30 nəfərdən ibarət müxtəlif sahələri təmsil edən Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə Transsərhəd Əməkdaşlıq görüşü keçirib.

Görüşdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələrinin müavinləri, biznes sektorlarının nümayəndələri, QHT-lər və kənd təsərrüfatı üzrə sahibkarlar iştirak ediblər.

Tədbir zamanı iştirakçılar tərəfindən Gürcüstan və Azərbaycan sərhədyanı bölgələr arasında güclü əməkdaşlıq yaratmaq məqsədilə "Birgə Fəaliyyət Planı”nın hazırlanması üçün ilkin maraqlar, ideyalar, maneələr və onların aradan qaldırılması üçün həlli yolları müzakirə edilib.

 

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri görüşdə çıxış edərək qonaqları salamlayıb, layihə haqqında geniş məlumat verib.

Qazax rayon bələdiyyəsinin sədr müavini, prioritet sənədlərin hazırlanması üçün işçi qrupunun üzvü Vüsal İsmayılov çıxış edərək Qazax və Ağstafa rayonlarının prioritet sahələri üzrə sənədləri təqdim edib.


Görüş başa çatdıqdan sonra rayonumuzda qonaq olan Gürcüstan nümayəndə heyəti əvvəlcə Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı "Avey” dağının şərq ətəyində yerləşən "Damcılı” mağarası milli qoruğu və ətrafında olan bulaqlarla tanış olublar. Qonaqlara "Damcılı” mağarasının tarixi keçmişi haqqında ətraflı məlumat verilərək bildirib ki, "Avey” dağı ərazisində aşkar olunan ən qədim daş dövrü insan məskənlərindən biri "Damcılı” açıq mağara düşərgəsidir.

Sonra nümayəndə heyəti şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən inşa edilmiş xalça müəssisəsində yaradılan şəraitlə tanış olublar. Xalçaçılarla görüşən gürcü qonaqlara müəssisənin iş fəaliyyəti və əldə etdiyi nailiyyətlər, toxunan xalçalar haqqında ətraflı məlumatlar verilib.

Daha sonra qonaqlar Ağköynək kəndi ərazisində salınmış istixanada olub. Yetişdirilən məhsulun keyfiyyəti, sahibkarların iş mexanizmi ilə tanış olublar.

Layihənin uğurla həyata keçirilməsində yerli icra hakimiyyətlərinin göstərdikləri dəstək qonaqlar tərəfindən də yüksək qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, "Birgə Fəaliyyət Planı”nın təqdimatının Gürcüstanda keçirilməsi nəzərdə tutulur.







GOYEZEN.AZ


Geri qayıt