Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax sakinləri “ASAN qatar”ın fəaliyyətindən məmnundurlar

Qazax sakinləri “ASAN qatar”ın fəaliyyətindən məmnundurlar


24-06-2020, 09:11

Respublika mətbuatı Qazax haqqında


Səyyar "ASAN qatar” yenə Qazaxa gəlib. İki həftəyə yaxındır ki, müasir texniki avadanlıqla təchiz olunmuş qatarda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməyə başlanıb.

Xidmətlər əsasən daxili işlər, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri və digər nazirlik və komitələr tərəfindən təqdim edilir. Sakinlərə yerində göstərilən budəfəki xidmət müddəti artıq başa çatmaq üzrədir.

Qazax sakinləri şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların alınması, əmək pensiyalarının təyin edilməsi, tərcümə, tibb, bank xidmətləri və onlarla digər xidmət növlərindən bu dəfə də yararlanmışlar. Bu günə kimi müraciət etmiş 788 nəfərdən 767 nəfərinə belə xidmətlər göstərilib.

Qeyd edək ki, tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə burada ciddi əməl olunur. İstər Səyyar "ASAN qatar”ın əməkdaşları, istərsə də vətəndaşlar tibbi maskadan istifadə edir və sosial məsafə saxlayırlar.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”inin də iştirak etdiyi Səyyar "ASAN qatar”ın xidmətini rayon sakinləri böyük razılıqla qarşılamış və bunu ölkə Prezidentinin onlara göstərdiyi diqqət və qayğının daha bir parlaq nümunəsi kimi qəbul etmişlər.

Qeyd: Yazıda göstərilən müraciət və xidmət sayı artıq yenilənib. Bu günə kimi müraciət etmiş 930 nəfərdən 905 nəfərinə xidmət göstərilib.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

24 iyun 2020-ci il



Geri qayıt