Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində “Şuşa bizim milli sərvətimizdir” başlığı altında tədbir təşkil olunub

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Şuşa bizim milli sərvətimizdir” başlığı altında tədbir təşkil olunub


26-05-2022, 16:49


Respublika Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ilin "Şuşa İli” elan edilməsi ilə əlaqədar  respublikamızın hər yerində olduğu kimi, Qazax Rayon Heydər Əliyev Mərkəzində də silsilə tədbirlər keçirilir.

Növbəti tədbir mayın 26-da "Şuşa bizim milli sərvətimizdir” başlığı altında təşkil olunub. Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimi Zəminə Mustafayeva, Solmaz Həsənova və 3-cü sinif şagirdləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova 2022-ci ilin "Şuşa İli” elan edilməsi haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb. C.Hüseynova Şuşanın tarixi, mədəniyyəti haqqında danışaraq bildirib ki, böyük strateji əhəmiyyətə malik olan və gələcəkdə bütün Qafqazın sənət məbədi, Zaqafqaziyanın konservatoriyasına çevrilən qala-şəhər inşa edildi və çox keçmədən bu şəhər özünün xalçası, ipəyi, parçası, sənətkarları, musiqiçiləri, təbiəti ilə Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli mərkəzinə çevrildi. Azərbaycan musiqisinin beşiyi, Qarabağın döyünən ürəyi, vətənimizin dilbər guşələrindən biri olan Şuşa hər daşı, hər parçası bir tarix olan xalqımızın yaratdığı böyük bir tarixi abidəyə çevrildi və Heydər Əliyevin sözləri ilə desək "Təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala, əsər, bir abidə oldu”. 1992-ci ildən başını duman alan Şuşa dağları 28 ildən sonra yenidən muğamın ahənginə büründü. 28 illik işğal cəmi 44 günə sona çatdırıldı. Torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası uğrunda 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyev və qətiyyətli ordumuz tərəfindən 44 gün davam edən uğurlu savaşla düşməndən azad edildi, tarixi ədalət bərpa olundu. 2021–ci il 7 may tarixli Sərəncamla Şuşa şəhəri yenidən öz missiyasını həyata keçirməyə başladı. Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Beləliklə, Ulu Öndərin ən böyük hədəflərindən olan Şuşanın bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması arzusu məhz dahi şəxsiyyətin siyasi kursunun davamçısı İlham Əliyev tərəfindən reallaşdırıldı. Çünki Azərbaycanın mədəniyyət ruhunun mərkəzi olan Şuşanın qorunması, inkişafı Ulu Öndərin hər zaman diqqətində olmuşdur. Məhz onun təşəbbüsü ilə Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. İllər sonra Şuşada Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Xarı bülbül” festivalının keçirilməsi, Vaqifin məqbərəsinin bərpası, 80-ci illərdə tikilmiş "Qarabağ” mehmanxanasının təmiri və başqa bərpa-quruculuq işləri Heydər Əliyev siyasətinin uğurlu davamı və müqəddəs "Ata vəsiyyəti”nin şərəflə, ləyaqətlə yerinə yetirilməsidir. İllər sonra Şuşaya Azərbaycan ruhu qayıdıb, Şuşada Azərbaycan bayrağı dalğalanır.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin I kurs tələbəsi Səma Aslanova çıxış edərək bildirib ki, Şuşa coğrafi baxımdan əhəmiyyətli olduğu qədər, həm də Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycan və dünya mədəniyyət tarixinə musiqi, rəssamlıq, memarlıq sahəsində görkəmli sənətkarlar və şedevrlər bəxş etmiş mədəniyyət xəzinəsidir. Millətinə və ölkəsinə şöhrət gətirən, ziyası bu gün də əbədi işıq saçan minlərlə görkəmli şəxsiyyətin pərvazlandığı cənnətməkandır. Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyli elmin, mədəniyyətin, maarifin inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər, Bülbül, Süleyman Ələsgərov Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus fəaliyyət göstərmiş görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Abbasov, Q.Zakir, X.Natavan, M.M. Nəvvab, N.Vəzirov, C.Qaryağdıoğlu, Ə.Haqverdiyev, Həmidə xanım, Cavanşir Xan, Şuşinski, Lətif Kərimov ədəbi-bədii fikrin formalaşmasında böyük rol oynayan Şuşanın görkəmli şəxsiyyətlərindəndirlər. İncəsənətimizin poeziya və musiqimizin mərkəzlərindən olan Şuşa 270 illik tarixi boyunca məhz bu görkəmli şəxsiyyətlər sayəsində dünya incəsənəti xəzinəsini zənginləşdirmiş və yaddaşlarda hələ də mədəniyyət mərkəzi olaraq qalmışdır. XIX əsrin 40-cı illərindən başlayaraq teatr, musiqi məktəbləri, XX əsrin əvvəllərindən daha sistematik və peşəkar təhsil ocaqları, musiqi və incəsənət ocaqları, mədəni-maarif kiçik mətbəə, ilk kitabxana inkişaf edərək nəinki, Qarabağın, bütünlükdə Qafqazın mədəniyyət beşiyinə çevrilmişdir.

 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimi Zəminə Mustafayeva çıxış edərək Şuşanın düşməndən azad edilməsi zamanı qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının xatirəsi qarşısında ehtiramını bildirib, həmçinin qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzu edib.

Sonra söz məktəblilərə verilib. Şagirdlərdən Ayan Süleymanova, Ləman Cəfərova, Maya Hacıyeva, Aylin Qəhrəmanova, Mirsaleh Məmmədli, Tuncay Ramazanlı, Gülay Mustafazadə, Əsma Qəhrəmanova, Amin Allahverdiyev Şuşa haqqında şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya təqdim ediblər.













GOYEZEN.AZ


Geri qayıt