Əsas Səhifə > Mədəniyyət > Milli dövlətçiliyin inkişafında Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti real faktdır
Milli dövlətçiliyin inkişafında Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti real faktdır10-05-2022, 10:41 |
Azərbaycan bugünkü müstəqilliyinə nail olmaq və müstəqilliyini qoruyub saxlamaq, əbədi və dönməz etmək üçün çətin və keşməkeşli tarixi bir yoldan keçmişdir. Bu yolun mahiyyəti və sonrakı tarixi proseslərə təsiri Heydər Əliyev kimi tarixi şəxsiyyətin yeni siyasi reallıqlarla nail olunan ümummilli nəticələr ilə özünü sübuta yetirməkdədir. Heydər Əliyevin siyasi fəaliyyətinin hədəfində duran azad və müstəqil dövləti qurmaq, onu qorumaq, tarixi reallığa çevirmək məharəti olmadan bugünkü müstəqil, azad, bütöv və qalib Azərbaycanı təsəvvür etmək mümkün ola bilməz. Böyük şəxsiyyətlər olmasaydı ölkələrin tarixi çox bəsit və maraqsız olardı. Azərbaycan da müstəqilliyin şərəfli yolunda Heydər Əliyev kimi böyük şəxsiyyətin ideyalarının və əməllərinin sayəsində inamlı addımlarla irəliləmiş, yıxılmamış və zirvəyə çatmışdır. Azərbaycanın tarixi və taleyi XX əsrin son 30 ili və XXI əsrin əvvələrində Heydər Əliyevin şəxsiyyəti və əzəmətli ideyaları üzərində qurulub. Müstəqilliyin yaranmasından tutmuş onun indiki heyrətamiz inkişaf dinamikasına qədər milli dirçəlişi əks etdirən tarixi dövr Heydər Əliyevin adı və onun titanik fəaliyyəti ilə bağlıdır. Azərbaycanın tarixi iki böhranlı mərhələsi Heydər Əliyevin aktiv siyasi dövrünə təsadüf edir. Hər iki dövrdə xalqın və ölkənin xilası, inkişafının əsasının qoyulması Heydər Əliyevin möhtəşəm tarixi xidməti kimi dəyərləndirilir və tarixdə şəxsiyyətin rolunun böyük əhəmiyyət daşıdığını sübut edir. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı, bütövlükdə cəmiyyətimiz Heydər Əliyevin sayəsində yeni mərhələyə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları inkişafımızın təməl daşı oldu. Həmin dövr tariximizin sürətli və hərtərəfli inkişafı illəri kimi yaddaşlara yazıldı. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan malik olduğu böyük intellektual və insan potensialı, təbii resursları, bir sözlə milli gücü cəmləyib sıçrayış xarakterli yeniləşmə periodu yaşadı və 1993-cü ildə yeni tarixi mərhələyə başqa siyasi reallıqlar çərçivəsində daxil olması artıq milli intibahın davamı oldu. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilmişdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratmışdır. Qısa müddət ərzində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə, dünya birliyinin layiqli üzvünə çevrilmiş, ən əsası Azərbaycanın gələcəyi üçün baza formalaşmışdır. Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır. Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz olmasının və möhtəşəm uğurlar qazanmasının qarantı oldu. Günü-gündən tariximizə bir-birindən əhəmiyyətli uğurlar yazıldı, bunların ümumiləşdirilmiş ifadəsi isə Azərbaycanın Zəfəridir. Son 18 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana ən yüksək zirvələri fəth etdirir. İmzalar içərisində imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş ərazilərdə dalğalanır. Bu, isə o deməkdir ki, illər əvvəl dirçəliş hərəkatının arzuları məhz İlham Əliyev tərəfindən tam reallığa çevrildi. Prezident İlham Əliyev Qələbə ilə Qalib Azərbaycanı dünyaya təqdim etdi. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Geri qayıt |