Əsas Səhifə > Mədəniyyət > Qazaxda 5 May - Xalçaçı Günü qeyd olunub

Qazaxda 5 May - Xalçaçı Günü qeyd olunub


5-05-2022, 22:16


Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i "Xalçaçı günü” kimi qeyd olunur.

xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, "Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.


Mayın 5-də Qazax Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları '"Azərxalça" ASC-nin Qazax filialında Xalçaçı Günü münasibətilə konsert proqramı təşkil ediblər.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq xalça sənətinin tarixinin çox qədim köklərə malik olduğundan danışıb. O, qeyd edib ki, Qarabağ, Naxçıvan, Qazax, Şamaxı xalçaları öz rəngarəng naxışları və gözəllikləri ilə seçilir. Azərbaycan xalçaları YUNESKO-nun mədəni-irs siyahısına daxil edilmişdir.     

"Azərxalça" ASC-nin Qazax filialının direktoru Raya Eyyubova çıxış edərək xalçaçılıq sənətinin nə qədər çətin və şərəfli peşə olmasından danışıb. O, qədim xalçaçılıq sənətinə verdiyi dəyərə və yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.

Daha sonra Qazax Rayon Mədəniyyət  Mərkəzinin "Göyəzən" ansamblının ifasında şən və oynaq mahnılar səsləndirilib, bu mahnıların sədaları altında xalçaçılar rəqs ediblər.





 

GOYEZEN.AZ


Geri qayıt