Əsas Səhifə > Mədəniyyət > Heydər Əliyev - Ana dilimizin inkişafında tarixi təşəbbüs və cəsarət müəllifi
Heydər Əliyev - Ana dilimizin inkişafında tarixi təşəbbüs və cəsarət müəllifi23-04-2022, 09:18 |
Azərbaycan dili 1300 ilə yaxın yaşı olan, türk dilləri ailəsinin oğuz qrupuna daxil olan, böyük inkişaf yolu keçmiş və dünyada 45 milyondan çox insanın danışdığı ədəbi dillərdən biridir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir xalqın varlığının ən əsas təminatçısı da dildir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu dil özündə xalqımızın əsrlərlə yaşı olan tarixini, mədəniyyətini, etnoqrafiyasını, adət-ənənələrini, qəhrəmanlıq salnaməsini yaşadır, qoruyur, gələcək nəsillərə çatdırır. Bu dil qədim Azərbaycan dövlətlərinin saray dili olub, ordu dili olub, poeziya, incəsənət, mədəniyyət dili olub. Məhz bu dildə yaranıb dünya ədəbiyyatı xəzinəsini bəzəyən əsərlər, bu dildə danışıb dünya incəsənətinə möcüzələr bəxş edən sənətkarlar, bu dildə danışıb dünyaya meydan oxuyan Azərbaycan dövlətlərinin liderləri, bu dildə danışıb qılıncının səsi yeri- göyü lərzəyə gətirən sərkərdələr... Dil həm də dövlətin varlığını sübut edən atributlardan biridir. Azərbaycan dili Azərbaycan xalqının milli dili, eyni zamanda Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu dildən təkcə respublikamızda deyil, həm də xarici ölkələrdə də istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Hazırda ölkəmizdə yaşayan bir sıra azsaylı xalqlar lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. Dünyanın ən zəngin milli dillərindən olan Azərbaycan dili özünəməxsus gözəlliyi və ahəngi ilə, xoş avaz yaradan səslər sistemi ilə, zəngin rəngarəng söz ehtiyatları ilə fərqlənir. Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlıdır. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi kimi çox qədimdir. Tarixin müxtəlif dövrlərində bir sıra işğalçılarla üz-üzə gələrək, mənfur düşmənlə amansız mübarizə apararaq xalqımızı və dilimizi tarix meydanından çıxarmağa çalışan yadellilərin əksinə olaraq tarix boyu öz varlığını qoruyub saxlamış, yadellilərin təqiblərinə baxmayaraq öz tarixi varlığını sübut etmiş, öz orijinallığı ilə inkişaf edərək XIX əsrdə milli dilə çevrilmişdir. Mədəni və tarixi hadisə olan dilimizin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası elə bir vaxtda qoyulmuşdu ki, milli dillər sıxışdırılır, "vahid dil” siyasəti təbliğ edilirdi. Belə bir dövrdə ana dili məsələsi çox böyük təqib və təzyiqlərə səbəb olurdu. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildiyi bir dövrdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Ancaq xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev böyük cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe nümayiş etdirərək bütün bunlara baxmayaraq dil məsələsində öz mövqeyini çox qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Bu böyük tarixi təşəbbüs idi. Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi dilimizin inkişaf tarixinin qızıl hərflərlə yazılmış səhifələrindəndir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasətin bir hissəsidir. 2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu gün müstəqil dövlətimizin müstəqil vətəndaşlarının hər biri öz dili ilə fəxr edir və öz dilini sevirlər. Çünki bu dil "Dəmir yumruq” dilidİr, bu dil "Xarı bülbül” dilidir, bu dil dünyanı sülhə, əmin-amanlığa səsləyən dildir. Bu dil qalib və lider dövlətin dilidir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Geri qayıt |