Əsas Səhifə > Mədəniyyət > Ümummilli Lider Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində mühazirələrin oxunması davam edir
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində mühazirələrin oxunması davam edir17-01-2022, 16:05 |
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində şagirdlərə mühazirələrin oxunması davam edir. Respublika Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ili "Şuşa İli” elan etməsi ilə əlaqədar və Azərbayançılıq məfkurəsinin banisi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə növbəti mühazirə oxunub. Yanvarın 17-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə "Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında reallaşan mühazirədə dahi şəxsiyyətin dövlətimiz xalqımız naminə misilsiz xidmətlərindən söhbət açılıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova şagirdlərə 1752- ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərinin bu il 270 illiyinin böyük təntənə ilə qeyd ediləcəyindən danışıb. Bildirib ki, Şuşa şəhərinin 270 illik yubiley tədbirləri Şuşada və işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaq. Həyata keçirilən quruculuq işləri isə Qarabağda yeni həyatın, böyük qayıdışın başlanması deməkdir. Mərkəzin direktoruŞuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, dahi şəxsiyyət Heydər Əliyevin Şuşanın, ümumilikdə Qarabağın inkişafı, tərəqqisi uğrunda misilsiz xidmətləri, mənfur ermənilərlə apardığı mübarizələr, Azərbaycana rəhbərliyinin birinci dövründə dəfələrlə Qarabağa, Şuşaya etdiyi səfərlər, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi kimi bərpa edilməsinin zəruriliyi istiqamətində gördüyü əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Bu gün şahidi olduğumuz tarixi proseslərin əsasının hələ o dönəmlərdə qoyulmasından, düşmən işğalından azad edildikdən sonra həmin ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan işlərdən, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən, 32 ildən sonra yenidən keçirilən Xarı Bülbül festivalından, Vaqif Poeziya günlərindən, Vaqifin bərpa edilən məqbərəsindən, Şuşa Rəsm Qalereyasından, Şuşa Xalça Muzeyindən, yeni salınacaq otellərdən və s. bəhs edən geniş mühazirə oxuyub. Mərkəzin əməkdaşları Şuşanın tarixini, coğrafiyasını, mədəniyyətini, təbiətini özündə əks etdirən kitablarla, şəkillərlə və digər əyani vasitələrlə Şuşa şəhəri, Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşanı böyük bir tarixi memarlıq abidəsinə çevirmək istiqamətində gördüyü əhəmiyyətli işlər haqqında gəncləri hərtərəfli məlumatlandırıblar.
GOYEZEN.AZ Geri qayıt |