Əsas Səhifə > Mədəniyyət > Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan –

Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan –


29-12-2021, 09:46


1993-cü il 3 oktyabr tarixindən başlanan dövlətçilik tariximizin, müstəqilliyimizin, dünya birliyinə inteqrasiyanın, cəmiyyətin vahidliyinin, xalqın həmrəyliyinin, uğurlu neft strategiyasının, əsaslı sosial islahatların hər birində Ulu Öndərin imzası, gərgin və yorulmaz fəaliyyəti dayanır.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin şanlı tarixi səhifəsidir. Fəaliyyətinin hər iki dövründə Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi. 1993-cü ildən sonra isə azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdi. Ömür boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi. Azərbaycan 50 milyon azərbaycanlının tarixi Vətənidir və onlar hansı ölkədə yaşamalarından asılı olmayaraq Azərbaycanın, xalqımızın bu günü və gələcəyi haqqında düşünmək prinsipi ilə yaşamalıdırlar. Ulu Öndər Heydər Əliyev məhz bu məqsəd üçün bütün dünyada yaşayan azərbaycanlıları azərbaycançılıq ideologiyası, məfkurəsi ətrafında birləşməyə çağırırdı. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların təşkilatlanması prosesinin də əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra hər zaman xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi, onların problem və qayğılarına diqqətlə yanaşır, təşkilatlanmaları üçün tövsiyələrini verirdi, onların Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirirdi. Azərbaycançılığın tərkib hissələrindən olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası hələ 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Ümummilli Lider Heydər Əliyev demişdir ki, "Dünya AzərbaycanlılarınınHəmrəyliyiGününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. 2001-ci il noyabrın 9-10-da Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi azərbaycançılıq ideologiyasının möhkəmlənməsində, eləcə də diaspor hərakatının inkişafında yeni mərhələ oldu.

Heydər Əliyev 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında demişdir: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Bu gün bu siyasət Ulu Öndər siyasətinin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin effektiv siyasətinin nəticəsində dövlət başçısının "Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün də Dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda "Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoydu. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt