Əsas Səhifə > Mədəniyyət > “Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan - Vətəndir!” mövzusunda növbəti mühazirə oxunub

“Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan - Vətəndir!” mövzusunda növbəti mühazirə oxunub


28-12-2021, 20:10


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün təsdiqlənmiş Tədbirlər Planına əsasən Vətənə ləyaqətli xidmətin əyani nümunəsini yaratmış, ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər  Əliyevin irsinin təbliği məqsədiləümumtəhsil, ali və orta ixtisas məktəblərində mütəmadi olaraq mühazirələr oxunur.

Növbəti mühazirə dekabrın 28-də Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar "Yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız üçün müstəqil, qüdrətli Azərbaycan - Vətəndir!” mövzusunda təşkil olunub.

Mühazirədə xalqımızın müstəqillik və həmrəylik yolunda keçdiyi şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli Liderin Vətən sevgisindən, xaricdə yaşayan soydaşlarımızın Vətənləri ilə sıx əlaqə qurması istiqamətində gördüyü işlərdən danışılıb.


Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva giriş sözü ilə çıxış edərək Mərkəzin əməkdaşları tərəfindən tələbələrə həyat yolu və fəaliyyət tarixi bütöv bir idarəçilik məktəbi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə oxunan mühazirələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Oxunan bu mühazirələrin gənclərin müasir Azərbaycan tarixinin şanlı səhifələri ilə daha yaxından tanış olmaları üçün maraqlarının artmasında, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği, gənc nəsillərə çatdırılmasında böyük rolunun olduğunu bildirib.

 

Mərkəzin direktoru Ceyhunə Hüseynova mühazirəsində qeyd edib ki, bugünkü taleyimizi müəyyən edən firavan günlər, sabit ölkə, azad edilmiş Qarabağ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il 3 oktyabr tarixindən başlanan dövlətçilik tariximizin, müstəqilliyimizin, dünya birliyinə inteqrasiyanın, cəmiyyətin vahidliyinin, xalqın həmrəyliyinin, uğurlu neft strategiyasının, əsaslı sosial islahatların hər birində Ulu Öndərin imzası, gərgin və yorulmaz fəaliyyəti dayanır. 1993-cü il oktyabrın 10-da Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilərək xalqa, Vətənə sədaqət andı içdi və Vətənə ləyaqətlə xidmətin əyani nümunəsini yaratdı. Həmin andan etibarən ictimai-siyasi sabitlik bərqərar olundu, qanunsuz silahlı dəstələr ləğv edildi, ölkə xaos girdabından qurtuldu, Ulu Öndər 1969-cu ildən başladılan, 1993-cü ilədək davam etdirilən müasir, demokratik Azərbaycan dövlətinin əsasını qoydu. Onun həyata keçirdiyi siyasətin, fəaliyyətin kökündə isə milli təfəkkür, milli düşüncə və azərbaycançılıq məfkurəsi, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi dayanırdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin şanlı tarixi səhifəsidir. Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev xalqımızın milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda əzmlə mübarizə apardı. 1990-cı illərin əvvəllərində, ölkə təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin uzaqgörən siyasəti köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Fəaliyyətinin hər iki dövründə Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi. 1993-cü ildən sonra isə azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdi. Ömrü boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi. Azərbaycan 50 milyon azərbaycanlının tarixi Vətənidir və onlar hansı ölkədə yaşamalarından asılı olmayaraq Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünmək prinsipi ilə yaşamalıdırlar. Ulu Öndər Heydər Əliyev məhz bu məqsəd üçün bütün dünyada yaşayan azərbaycanlıları azərbaycançılıq ideologiyası, məfkurəsi ətrafında birləşməyə çağırırdı. Azərbaycançılığın tərkib hissələrindən olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası hələ 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanılarının Həmrəyliyi Günü elan etdi. Artıq həmin gün milli bayramlarımızın sırasında öz möhtəşəm yeri ilə fərqlənir.



GOYEZEN.AZ


Geri qayıt