Əsas Səhifə > Mədəniyyət > Dinamik iqtisadi inkişaf möhtəşəm Zəfərimizin təminatçısı oldu

Dinamik iqtisadi inkişaf möhtəşəm Zəfərimizin təminatçısı oldu


30-11-2021, 10:29


Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və inkişafının möhkəmlənməsinə yönələn uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son 18 ilin inkişaf göstəriciləri, genişlənən siyasi-iqtisadi imkanlar, beynəlxalq aləmdə günü- gündən artan nüfuzumuz, əldə etdiyimiz uğurlu nəticələr ölkədə həyata keçirilən siyasətin və aparılan islahatların yüksək səviyyədə olmasının əyani sübutudur. Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində dünyada maliyyə-iqtisadi böhranın hökm sürdüyü bir dövrdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, nəzərdə tutulan bütün proqramlar, islahatlar, infrastuktur layihələri müvəffəqiyyətlə həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ifadəsi bu gün Azərbaycanın uğurları, əhalinin maddi – rifah halı, möhtəşəm Zəfərimizin fonunda öz təsdiqini tapmış, ölkəmiz praqmatik siyasətçi İlham Əliyevin uğurlu daxili, xarici siyasəti sayəsində keçmişin bütün buxovlarından azad olaraq böyük uğurlara imza atmışdır. İqtisadi müstəqillik müasir Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsidir və dayaqları Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun tərəfindən əsası qoyulan iqtisadi islahatlar və strategiyanın bu gün uğurla davam etdirilməsinin nəticəsidir ki, neft strategiyası yüksək səviyyədə reallaşıb, ölkədə makroiqtisadi sabitlik davamlılığı təmin edilib, ölkəmiz beynəlxalq aləmdə öz mövqeyini durmadan möhkəmləndirib və arzuedilən tərəfdaş kimi xarici sərmayədarların məkanına çevrilib. Azərbaycan beynəlxalq güclər tərəfindən qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modeli kimi dünyada və regionda lider dövlət statusu alıb. Bu isə dövlətimizin ən möhtəşəm uğuru kimi həm də xalqın dövləti dəstəkləməsi sayəsində reallaşıb. Bu baxımdan İlham Əliyevin "Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır” ifadəsi təkzibedilməz reallıq kimi öz təsdiqini tapmaqdadır. Azərbaycan bütün bu inkişaf dinamikası sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilib, etibarlı tərəfdaş kimi dünyanın bir çox mötəbər qurumları ilə əməkdaşlıq edir, axarını müəyyənləşdirən və siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməsi prinsipləri əsasında qurur. İqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrdən olan Azərbaycan həm regionda, həm beynəlxalq müstəvidə öz yeri və xüsusi çəkisi olan bir dövlət kimi qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar tədbirlərin keçirildiyi məkandır və bu da dövlətimizin diplomatik uğurudur. Azərbaycan həm də digər beynəlxalq nüfuzlu təşkilatlar kimi İqtisadi Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. Türkmənistanın paytaxtı Aşqabat şəhərində 28 noyabrtarixində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı zamanı Prezident İlham Əliyev çıxış etmiş və bildirmişdir ki, Azərbaycan beynəlxalq platformalarda o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı zamanı Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəkdir.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Göründüyü kimi, ölkəmiz COVID-19 pandemiyası təsirinə məruz qalsa da, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Vətən müharibəsini yaşasa da, iqtisadiyyat böhranla üzləşməyib. Əksinə, bu sahə dinamik inkişafını, dayanıqlılığını qoruyub saxlaya bilib. Buna, ilk növbədə, aparılan düzgün siyasətin, eyni zamanda, son 18 il ərzində yaradılan iqtisadi təməlin mövcudluğu nəticəsində nail olunub.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt