Əsas Səhifə > Mədəniyyət > Qazaxda Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Azərbaycanın milli sərvətlər xəzinəsi” adlı tədbir keçirilib

Qazaxda Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Azərbaycanın milli sərvətlər xəzinəsi” adlı tədbir keçirilib


25-11-2021, 22:18


Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevindiplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Kəlbəcərin düşmən tapdağından azad edilməsinin birinci ildönümü qeyd olunub.

Noyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş "Azərbaycanın milli sərvətlər xəzinəsi” adlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlil sektoru şöbəsində aparıcı məsləhətçi Həsən Yusifli, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, təqaüddə olan məktəb direktoru, "Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, rayon mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak ediblər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü haqqında videorolikin nümayişi ilə başlayıb. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.







 

 

Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə səmimi ürək sözlərini çatdırıb. Kəlbəcər rayonu haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində  Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa, Zəngilan, Xocavənd düşməndən azad edildi. 10 noyabr tarixində isə Ermənistanın kapitulyasiya edilməsi ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. C.Hüseynova 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu borclu və minnətdar olduğumuzu qeyd edib.

 

Qazax RİH başçısı aparatında İnformasiya təminatı və təhlil sektoru şöbəsində aparıcı məsləhətçi Həsən Yusifli çıxış edərək doğma diyarımız olan Kəlbəcərin azad olunması münasibətilə ürək sözlərini bölüşüb. Kəlbəcərin artıq öz sakinlərinə qucaq açıb, öz tarixi sahiblərini qarşılamaq üçün hazır olduğunu bildirib. O, qeyd edib ki, biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində füsunkar təbiəti, zəngin mədəni irsi olan Kəlbəcər əvvəlki şöhrətini yenidən bərpa ediləcək.

 

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək bütün bu illər ərzində dövlətimizin bu ədalətsizliyi aradan qaldırmaq üçün sülh danışıqlarına üstünlük verməsinə baxmayaraq Ermənistanın destruktiv mövqeyindən əl çəkməməsindən və dəfələrlə Azərbaycana qarşı hərbi siyasi təxribatlara əl atmasından, sərsəm bəyanatlarla beynəlxalq ictimaiyyət qarşısında öz işğalçılıq siyasətini sərgiləməkdən çəkinməməsindən danışıb.

 

Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü Kəlbəcər rayonu haqqında danışaraq bildirib ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.


Təqaüddə olan məktəb direktoru, "Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova bildirib ki, ermənilərin Azərbaycana qarşı başlatdıqları ərazi iddiaları hərbi işğalçılıq siyasətinə rəvac vermiş və bu siyasət torpaqlarımızın iyirmi faizinin işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya ilə nəticələnmişdi. Buna səbəb isə həmin dövrdə Azərbaycanda hakimiyyəti zorla ələ almış, siyasətdən kənar qüvvələrin məsuliyyətsizliyi olmuşdur.

 

YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli müstəqil və qalib dövlətin gənci olması ilə fəxr etdiyini bildirib. Azərbaycan xalqıının özünün beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edərək qələbə çaldığını vurğulayıb. Kəlbəcərin bir güllə atılmadan öz tarixi sahiblərinə qaytarılmasını ölkə Prezidentinin və şanlı ordumuzun növbəti uğuru kimi qiymətləndirib.  

 

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək Kəlbəcərin ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri ilə zəngin olduğunu, işğal dövründə isə bütün tarixi abidələrin bilərəkdən ermənilər tərəfindən saxtalaşdırıldığını bildirib.  

Tədbirdə ümumi bir fikir ifadə olunub ki, Kəllbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir.

GOYEZEN.AZ


Geri qayıt