Əsas Səhifə > Mədəniyyət > Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiyaya start verilib

Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiyaya start verilib


28-10-2021, 21:26


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli Ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

Şanlı ordumuzun qazandığı tarixi Qələbədən artıq 1 il ötür. Xalqımız ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı Zəfər Günü kimi qeyd edəcək.

 

8 Noyabr – Zəfər Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlər həyata keçirilir.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq keçirilən silsilə tədbirlərdən biri də Qazax Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan "Açıq qapı" aksiyasıdır.

28 oktyabrdan "Tariximizi öyrənək" adı altında start götürən "Açıq qapı” aksiyasının ilk ziyarətçiləri Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri olub.

Məktəblilər muzeylə, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı məlumat verilib.

 

Muzeyin direktoru Gülnaz Alişanova dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad olunduqları tarixləri qürurla qeyd etdiyimizi bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin əhəmiyyətini vurğulayıb.

Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını bildiriblər.

 

GOYEZEN.AZ


Geri qayıt