Əsas Səhifə > Mədəniyyət > Hərbi Qənimətlər Parkı Zəfərimizin möhtəşəmliyinin göstərcisidir
Hərbi Qənimətlər Parkı Zəfərimizin möhtəşəmliyinin göstərcisidir18-04-2021, 15:13 |
Azərbaycan öz tarixi torpaqlarının azad olunması uğrunda XXI əsrin müharibəsini apardı və XXI əsr tarixinin səhifələrinə ilk və misli bərabəri olmayan Qələbəsini yazdı. Cəmi 44 gün ərzində düşmənə qarşı yüksək psixoloji ruh ilə tətbiq etdiyi taktiki yeniliklər, müasir silah və texnikadan istifadə hərb sənətində yenilik kimi dünyanın güc mərkəzlərində bu gün də öyrənilməkdədir. Xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığını və tarixi Zəfərimizi gələcək nəsillərə çatdırmaq, möhtəşəm Qələbəmizin əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020–ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılmış, Hərbi Qənimətlər Parki salınmışdır. Paytaxtın Xətai rayonunda salınan və beş hektar ərazini əhatə edən parkın tikintisinə Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu ilin yanvar ayından başlanılmış, dövlət başçısının göstərişinə əsasən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və möhtəşəm Qələbə tam dolğun öz əksini tapmışdır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad etdiyi ərazilərdə ermənilərdən qənimət götürdüyü iki mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər–M” raketinin qalıqları vardır. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə üç yüzdən çox eksponat, o cümlədən yüz əlliyədək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Parkda düşmənin uzun illər boyu yaratdığı on səddən ibarət müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Buraya gələn insanlar 44 günlük Vətən müharibəsi günlərində düşmən Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş, əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazgalları, uzunmüddətli dəmir beton atəş nöqtələrini, tank əleyhinə xəndəkləri, tunelləri, tikanlı məftilləri, səngərləri, sığınacaqları və s. olduğu kimi görəcəklər. Vətən müharibəsinin gedişatı barədə məlumatları, Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandıracaqlar. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Bu parkı ziyarət edən hər kəs Azərbaycanın illər ərzində necə məkrli, qeyri-insani xislətli, vəhşi, barbar düşmənlə mübarizə apardığının şahidi olacaq. Bununla yanaşı hər bir ziyarətçi Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəmizi görəcək. Bu zəfərin necə çətin əldə edilməsini görəcək. 30 il ərzində işğal etdiyi ərazilərdə möhkəmlənən, istehkamlar quran, səngərlər, sığınacaqlar qazan, amma bunlara baxmayaraq, Azərbaycan hərbçilərinin qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi ilə bütün bu maneələri dəf edərək düşməni diz çökdürməsinin şahidi olacaqlar. Düşmənin vəhşiliyini unutmaq olmaz. Hərbi Qənimətlər Parkının yaradılması tarixi Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsdür. Bu park müharibənin miqyasını, Qələbəmizin möhtəşəmliyini bütün dünyaya göstərəcək. Gələcək nəsillər biləcək ki, erməni vandalizmi insanlığa qarşı cinayətdir. Bu park insanlara son 30 ildə Azərbaycan torpaqlarında barbarlıq törətmiş düşməni daha yaxşı tanımağa kömək edəcək. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Parkın yaradılması məhz bu amala xidmət edəcək. Şəhərlərimizi dağıdan, məscidlərimizi təhqir edən, qəbirləri dağıdıb dəfn edilmiş insanların qızıl dişlərini çıxaran, insanlığa qarşı qara ləkə olan ermənilərin əsl xislətini, 30 illik işğalçılıq siyasətini Zəfər Muzeyi və Hərbi Qənimətlər Parkının timsalında yaradılmış memarlıq kompleksi gələcək nəsillərə olduğu kimi çatdıracaqdır. Səidə QOCAYEVA, Qazax Rayon Heydər Əliyev Mərkəzində baş fond mühafizi Geri qayıt |