Əsas Səhifə > Mədəniyyət > Tarixi ədalət bizimlədir!

Tarixi ədalət bizimlədir!


26-03-2021, 12:22


XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən sayılır. Çünki ölkəmiz daxili və xarici düşmənlərin əli ilə parçalanaraq məhvə sürüklənirdi. Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə dahi siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəni getdikcə güclənməkdə olan daxili xaosdan və fəlakətdən xilas etdi. Bu dövrlərdə daha da azğınlaşan erməni şovinistləri ölkədəki daxili siyasi proseslərdən və səriştəsiz rəhbərlik səbəbindən tarixi ərazilərimizi bir-birinin ardınca işğal edir və azərbaycanlıları öz dədə-baba torpaqlarından məcburi surətdə köçürürdülər. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ərazilərin işğalı dayandırıldı. Atəşkəs imzalandı və ordu quruculuğuna başlandı. Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanan xaos, hərc-mərclik 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı.
Uğurlu iqtisadi layihələr, səmərəli energetika kontraktları sayəsində ölkənin iqtisadiyyatı gücləndirildi, beynəlxalq münasibətlərdə müsbət dəyişikliklər əldə edildi, xarici dövlətlərlə mehriban dostluq, qardaşlıq əlaqələri quruldu. Məhz Heydər Əliyevin apardığı uğurlu xarici diplomatiya nəticəsində dünya dövlətlərinin ölkəmizin zorla cəlb etdiyi silahlı münaqişəyə münasibəti dəyişdi. BMT Təhlükəsizlik Şurası və Baş Məclisi tərəfindən qətnamə, AŞPA və ATƏT tərəfindən qətnamə və qərarlar qəbul edildi. Lakin Qərb və Rus diplomatik gücü ilə formalaşdı. Xristian Ermənistana himayəçilik, münaqişənin dondurulması, süni yaradılmış çətinliklər, xristian həmrəyliyi bütün bu qanunların kağız üzərində qalmasına səbəb oldu.
Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirən İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bəyan etsə də sentyabrın 27-də bu münaqişənin son həddi oldu. Ermənilərin silahlı təxribatının qarşısını almaq məqsədilə hərbi əməliyyatlara başlayan Azərbaycan özünün münaqişənin sülh yolu ilə həlli baş tutmadı zərurət yaranarsa, hərb yolunun istisna olmayacağı təqdirdə qısa müddətdə yaratdığı müasir, beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil ordusunun sayəsində tarixi ədaləti bərpa edəcəyini sübut etdi.
2003-cü ildən daha da qüvvətlənən, müasir və döyüş texnikası ilə güclənən ordumuz NATO nümunəsində ordu quruculuğu sayəsində müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. 7 rayon, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrud rayonunu, keçmiş Martunu rayonunun böyük hissəsini azad etdi. Öz ərazi bütövlüyünü bərpa edərək tarixi nailiyyətə imza atdı.   
Amma heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadı. Ermənistandan fərqli olaraq müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı vuruşdu, hərbi silah-sursat mərkəzlərini, döyüş nöqtələrini məhv etdi. Bununla da dünya döyüş tarixinə yeni səhifələr yazdı.
Azərbaycan durduqca, müstəqilliyimiz yaşadıqca hələ əsrlər boyunca bu tarixi qələbə insanların dilindən düşməyəcək, hafizəsindən silinməyəcək. Qədirbilən xalqımız müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevi və bu müstəqilliyi qoruyub saxlayan, inkişaf  etdirərək ən yüksək zirvələrə çatdıran, tariximizə Zəfər yazan (tarixi ərazilərimizi düşməndən azad edərək) Ali Baş Komandan İlham Əliyevi və onun müzəffər ordusunu daim şanlı tarixində yaşadacaq, milli birlik, qətiyyət, qüdrət simvolu olan əzəmətli abidə kimi qəlblərdə ucaldacaqlar.
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın cənab Ali Baş Komandan!
Afaq MEHDİYEVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzində elmi işçi


Geri qayıt