Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Xocalı, qisasın alındı!” mövzusunda videokonfrans keçirilib

Qazaxda “Xocalı, qisasın alındı!” mövzusunda videokonfrans keçirilib


24-02-2021, 17:58


Fevralın 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Xocalı, qisasın alındı!” mövzusunda videokonfrans keçirilib.

Onlayn formatda Zoom platforması üzərindən keçirilən tədbirdə Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin III sinif şagirdləri və ibtidai sinif müəllimi Rüxsarə Əhmədova iştirak ediblər.


Tədbir iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova şagirdlərə Xocalı faciəsi haqqında danışıb. Faciə barədə ətraflı məlumat çatdıraraq bildirib ki, tarix heç nəyi unutmur. 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırım siyasətinin ən dəhşətlisi, ən qanlı səhifəsi Xocalı soyqırımıdır. 613 nəfərin şəhid, neçə-neçə insanın şikəst, əsir olduğu, 8 ailənin bütövlükdə məhv edildiyi bu faciə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin növbəti və ən qəddarcasına törətmiş olduqları terror aktıdır. Məhz bu faciə ermənilərin antiazərbaycan siyasətinin məntiqi nəticəsidir və bu qətliam nəinki azərbaycanlılara, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir vəhşilikdir. Mülki əhalinin planlı və məqsədli şəkildə vəhşicəsinə qətlə yetirilməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən, şanlı ordumuzun həmin müharibədə əldə etdiyi Zəfərdən söz açan Mərkəzin direktoru qazandığımız tarixi Qələbə ilə yanaşı, qan yaddaşımıza yazılan faciələri də öyrənmələrini bildirib.


Qazax şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova faciə haqqında ürək sözlərini çatdıraraq bu gün yetişməkdə olan gənc nəslə və yeniyetmələrə öz tarixi keçmişlərini unutmamağı, tarixin yaddaşına qanla yazılmış faciələri hər zaman xatırlamağı tövsiyə edib.

Sonda söz məktəblilərə verilib, şagirdlər Xocalı faciəsinə və faciə qurbanlarına həsr olunmuş şeirlər söyləyiblər.











 

GOYEZEN.AZ


Geri qayıt