Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin qazaxlı şəhidi çavuş Elməddin Pənahovun ailəsini və məzarını ziyarət ediblər
Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin qazaxlı şəhidi çavuş Elməddin Pənahovun ailəsini və məzarını ziyarət ediblər9-02-2021, 23:22 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-----------------------------------
Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, yaralı qazilərimizə minnətdarıq. Vətən, dövlət və xalq qarşısında öz borcunu layiqincə sonadək ödəyib qəhrəmanlıq nümunəsi göstərən, Şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsini yad etmək, onların ailələrinə diqqət və qayğı göstərmək isə hər birimizin vətəndaşlıq borcudur. Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov da İkinci Qarabağ müharibəsində Vətənə, dövlətə olan borcunu ləyaqətlə yerinə yetirən şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun ailəsini və məzarını ziyarət ediblər. Qəhrəmanlıq nümunəsi göstərib uca zirvəyə yüksələn şəhidimizin doğulub boya-başa çatdığı Ürkməzli kəndində olub, ailəsinə baş çəkiblər. İgid Vətən oğlunun kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edərək qəbri üstünə tər qərənfillər düzüb, şəhidimizə olan ehtiramlarını bildiriblər.
Sonra şəhid Elməddin Pənahovun evinə gələrək onun ailəsi ilə həmsöhbət olub, Mərkəzin kollektivi adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Bu gün hər birimizin torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Elməddin Pənahov kimi oğullarımızla fəxr etdiyimizi, onların əziz xatirəsini daim uca tutduğumuzu, ruhları qarşısında baş əydiyimizi söyləyiblər. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimizin hər zaman bizim qəlbimizdə əbədi yaşayacağını dilə gətiriblər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin şəhidlərimizə və ailələrinə göstərdikləri qayğının hər birimiz üçün örnək olduğunu diqqətə çatdırıblar. Şəhidimizin ailəsini ziyarət etməyi və qayğı göstərməyi özlərinə borc bildiklərini bir daha ifadə ediblər. Məlumat üçün qeyd edək ki, şəhid çavuş Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin tuşlayıcısıMAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb. Böyük övladı Ürkməzli kənd tam orta məktəbin II sinfində oxuyur. Kiçik oğlu isə azyaşlıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |