Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş növbəti anım tədbiri keçirilib

Qazax Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş növbəti anım tədbiri keçirilib


25-02-2020, 18:08


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin iştirakı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Xocalıda qətlə yetirilmiş soydaşlarımızın və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova çıxış edərək məktəblilərə Xocalıda törədilmiş soyqırımı haqqında bir daha ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin və SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşlardan heç vaxt çıxmayacaq. Bu kütləvi soyqırım təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş terror aktı deyil, eyni zamanda insanlıq əleyhinə törədilmiş cinayət idi. Xüsusi qəddarlıqla həyata keçirilən bu soyqırımda Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

 

Qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır, dünyaya çatdırılır ki, Ermənistanın siyasətinin əsasında terrorçuluq və işğalçılıq dayanır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyasıda bu istiqamətdə atılan ən uğurlu addımlardan biridir.

Sonra məktəbin II sinif şagirdləri Ömər Zeynallı, Nihat Mustafayev, Əli Tağızadə, Zəbanə Alıyeva, Amin Kəfili Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.

Daha sonra məktəblilər Xocalı faciəsini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Anım tədbiri Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə sona çatıb.






GOYEZEN.AZ 


Geri qayıt