Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin məzunlarını təbrik ediblər

İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin məzunlarını təbrik ediblər


14-06-2022, 21:27

Respublikamızın hər yerində qeyd olunan 14 İyun - "Son zəng” günü Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə də yüksək səviyyədə təşkil olunub. İstər müəllimlər, istərsə də şagirdlər 2021-2022-ci tədris ilinin başa çatmasını böyük sevinc hissi və bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.

"Şuşa İli”ndə məktəbi bitirən məzunları "Son zəng” müasibətilə təbrik etmək üçün 2 nömrəli məktəbə gələn Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu, icra aparatının məsul şəxslərini, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovu və köməkçisi Akif Əmirovu, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevi və müdir müavini Nizaməddin Babanlını məktəblilər alqışlarla qarşılayıblar.

 

Tədbirin aparıcısı, 2006-cı ildə məktəbin məzunu olmuş, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca "Şuşa İli”nin birincilərini və məzunlarını təbrik edərək xoş arzularını çatdırıb, tədbiri açıq elan edib.  

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, bu gün məzunları təbrikə gəldiklərinə görə qonaqlara rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məzunları əziz gün münasibətilə təbrik edən M.Mustafayev onlara yenicə qədəm qoyduqları gələcək həyatlarında uğurlar arzulayıb. 2021-2022-ci tədris ilində məktəbin göstəriciləri barədə məlumat verən direktor məktəbdə 959 nəfər şagirdin təhsil aldığını bildirib. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 83 nəfər pedaqoji heyətin, 28 nəfər texniki heyətin məşğul olduğunu qeyd edib. Məktəb direktoru artıq 3 ildir ki, yüksək səviyyədə təmir olunmuş məktəbdə şagirdlərə elmin sirlərini öyrətdiklərini bildirib. Müəllim və şagirdlər üçün yaradılan şəraitə görə Ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hər zaman onlara olan səmimi münasibətə görə rayon rəhbərliyinə məktəbin kollektivi adından təşəkkürünü çatdırıb. Belə təmirli məktəbdə onlara olan etimadı doğrultmaq üçün bundan sonra da böyük səylə çalışacaqlarını söyləyib. Məktəb direktoru bu il 52 nəfər şagirdin məktəbi bitirərək məzun adını qazandığını qeyd edib. 2 sinif Azərbaycan, 1 sinif isə rus bölməsi üzrə məktəbi bitirdiyini vurğulayıb. Azərbaycan bölməsində 841 nəfər, rus bölməsində 118 nəfər şagirdin təhsil aldığını bildirib. 4 sinifdə təhsil alan birincilərin sayının isə 94 nəfər olduğunu diqqətə çatdırıb. Məktəb direktoru sonda bir daha məzunları təbrik edərək harda olmalarından asılı olmayaraq hər zaman uğur qazanmalarını arzulayıb, kollektiv olaraq uğurlarına baxıb sevinəcəklərini qeyd edib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini, müəllimləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı son illərQazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin ali məktəblərə qəbulun göstəricisinə görə hər zaman rayon məktəbləri arasında seçildiyini bildirib. 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanan dövlətin gəncliyi kimi, "Şuşa İli”nin məzunları olaraq məktəbi bitirməyin builki məktəblilər üçün ikiqat bayram olduğunu qeyd edən icra başçısı bu anı onlara bəxş edən ölkə başçısına minnətdarlığını bildirib. Məzunları tarixi gün münasibətilə bir daha təbrik edən rayon rəhbəri onlara gələcək işlərində, atdıqları addımlarda uğurlar arzulayıb. Harda olmalarından, hansı ali təhsil ocağında təhsil almalarından asılı olmayaraq hər zaman Qazaxın adını uca tutmalarını tövsiyə edib. 

 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək əlamətdar gün münasibətilə məzunları təbrik edib, xoş arzularını çatdırıb. Millət vəkili bu gün rayon rəhbərliyinin təhsil sahəsinə, hər bir məktəbə olan diqqətini dövlətin, ölkə Prezidentinin diqqəti kimi dəyərləndirib. Ölkəmizin sağlam cəmiyyətinin formalaşması üçün sağlam gəncliyə böyük ehtiyac olduğunu qeyd edən millət vəkili dövlətimizin bu cür gənclərin yetişməsi üçün bütün imkanları səfərbər etdiyini qeyd edib. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən qayğının təməlində məhz sağlam gəncliyin formalaşdırılmasının dayandığını söyləyib. "Biz sizin kimi gənclərlə fəxr edirik. Sabahımızın qarantı siz gənclərsiniz”, - deyən millət vəkili məzunları bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.


Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış edərək məzunları, məktəbin pedaqoji kollektivini, valideynləri əlamətdar gün münasibətilə təbrik edib. A.Hacıyev dahi Səməd Vurğunun adını daşıyan məktəbin uğurlarına nəzər yetirərkən onun adını layiqincə doğrultduqlarını qeyd edib. İdarə müdiri gəncləri, məktəbi bitirən məzunları ölkə başçısının, Birinci vitse-prezidentin onlara olan qayğısından səmərəli istifadə etməyi, daim o qayğını əməli işləri ilə doğrultmalarını tövsiyə edərək bu yolda onlara uğurlar arzulayıb.


Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı çıxış edərək məzunlara təbriklərini çatdırıb, gələcək həyat yollarında hər zaman uğur qazanmalarını, layiqli yerlərini tutmalarını diləyərək uğurlar arzu edib.

 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elgülnara Əmiraslanova çıxış edərək qonaqları salamlayıb, məzunların xoş günündə onları təbrikə gəldikləri üçün onlara təşəkkürünü çatdırıb. "Bu gün məktəblərdə çalınan "Son zəng” məzunlarımızı gələcəyə səsləyir. Onların qarşısında böyük üfüqlər açılır. Əziz məzunlar harda olursunuzsa olun, Qazaxımızın adını daim uca edin, qazaxlı gənclər olaraq bu diyarın fəxri olun”, - deyən. E.Əmiraslanova bu yolda onlara uğurlar arzulayıb.

 

Öz adından və məzun yoldaşlarının adından çıxış edən məktəbin 11a sinif şagirdi Gülçin İsmayılova qonaqları salamlayıb, onları təbrikə gəldiklərinə görə razılığını ifadə edib. G.İsmayılova onlara sülh şəraitində, sakit, firavan yaşamaq həyatı bəxş edən Prezident İlham Əliyevə və Vətəni uğrunda canından keçən şəhidlərimizə məzun yoldaşları adından minnətdarlığını bildirib. Məktəb illərini, ilk dəfə məktəbə qədəm qoyduğu günü xoş xatirlərlə xatırlayan G.İsmayılova doğma məktəbindən ayrıldığı üçün kədərləndiyini, lakin onu qarşıda yeni bir gələcəyin gözlədiyini düşünərkən qürurlandığını qeyd edib. 11 illik məktəb həyatında onlara bilik, savad verən, elm öyrədən müəllimlərinə, məktəb direktoru Murğuz Mustafayevə, ibtidai sinif müəllimi Xalidə Qocayevaya, sinif rəhbəri Şəfaqət Əhmədovaya sinif yoldaşları adından minnətdarlığını bildirib. Müəllimlərindən aldıqları bilik sayəsində oxuduqları məktəbin adını hər zaman uca tutacaqlarını söyləyib.

Daha sonra məzunların bir-birindən maraqlı çıxışları təqdim olunub. "Son zəng” tədbiri xoş əhval-ruhiyyə ilə davam edib.





 




 

GOYEZEN.AZ


Geri qayıt