Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda dənli və texniki bitkilərin, meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunmasına həsr olunmuş seminar-müşavirə keçirilib

Qazaxda dənli və texniki bitkilərin, meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunmasına həsr olunmuş seminar-müşavirə keçirilib


27-05-2022, 22:44


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2022-ci il üçün iş planının icrası ilə əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı silsilə tədbirlər keçirilir.

Mayın 27-də Qazax Rayon İcra Hakimiyyətinin və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə dənli və texniki bitkilərin, meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı seminar-müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev, icra aparatının məsul işçiləri, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, d/x polkovniki Natiq Piriyev, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Gəray Güliyev, hər iki idarənin əməkdaşları, Qazax Rayon Polis şöbəsinin, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin, "Aqrolizinq” ASC-nin Şəmkir Regional nümayəndəliyinin Qazax rayon bölməsinin, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, Qazax RİH başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.


 

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bu cür əhəmiyyətli bir tədbirin Qazax rayonunda keçirilməsinə görə razılığını bildirib. Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə olan əməkdaşlıqdan söz açan birinci müavin mütəmadi olaraq belə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, bugünkü tədbirin də bu sahədə olan işlərin davamı olduğunu qeyd edib. M.Alıyev dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunmasının Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən daim nəzarətdə saxlanıldığını, bu sahədə məqsədyönlü təbirlər həyata keçirildiyini qeyd edib. Birinci müavin rayon rəhbərliyinin müvafiq tarixli və nömrəli Sərəncamlarına əsasən taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazilərində təhlükəsizlik tədbirlərinin görülməsi, həmçinin Qazax rayonu ərazisində taxıl biçininin vaxtında və itkisiz aparılması üçün Komissiya yaradıldığını, sözügedən məsələ ilə bağlı komissiya üzvlərinin üzərinə düşən məsuliyyətin onların nəzərlərinə çatdırıldığını qeyd edib. M.Alıyev bugünkü tədbirin əsas məqsədinin dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, biçilmiş taxıl sahələrinin, quru ot, kol-kos və kövşənlərin yandırılmaması, meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini önə çəkmək, bu sahədə görülməsi nəzərdə tutulan işləri müzakirə etmək olduğunu bildirib. Birinci müavin qeyd edib ki, kimliyindən asılı olmadan hər kəs istər dənli və texniki bitkilərin, istərsə də meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunmasında üzərinə düşən məsuliyyəti dərk etməli, əhalinin bu sahədə maarifləndirilməsi üçün əlindən gələni əsirgəməməlidir. Dövlətin bu sahə ilə bağlı gördüyü işlərə hər kəs öz töhfəsini verməlidir.


FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin böyük inspektoru Etibar Vəliyev çıxış edərək taxıl yığımı zamanı yanğın təhlükəsizliyi tədbirləri barədə ətraflı məlumat verib. E.Vəliyev qeyd edib ki, bu gün taxıl tədarükü iqtisadiyyatımızda gündəmdə olan prioritet sahələrdəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı tərəfindən mühüm qərarlar qəbul edilir. E.Vəliyev bildirib ki, taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətliməhsulun yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyiilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir. Zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümdə müxtəlif dənli və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarınınyanğındanqorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının deyil, həm də aqrarsahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin - təsərrüfatbaşçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmalıdır. Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. E.Vəliyev vurğulayıb ki, taxıl və ot yığımına başlamazdan əvvəl bütün təsərrüfat rəhbərləri, biçində iştirakedən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitələri ilə tam təmin etməlidirlər. Dənli və texniki bitkilərin yığılması,daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir. Məhsul yığımında iştirak edən texnikanın hamısı işə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyitələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı borularıqığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiştaxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Mühərriki akkumlyatorla işə salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plastmas borularla mühafizə olunmalıdır. Yığımda iştirak edən texnikaların yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanı əməkdaşı ilə birgə yoxlanılmalıdır. Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır.

 

E.Vəliyev bildirib ki, dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmiryolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir. Tarla düşərgələrində, taxıltəmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində "Siqaret çəkmək yeri" yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır. Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır. Yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir. Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır. E.Vəliyev çıxışının sonunda kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunmasının hamının şərəf işi olduğunu vurğulayıb, hər kəsi elin bu əvəzsiz sərvətini yanğından qorumağa çağırıb.

 

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində Bitkiçilik sektorunun müdiri Barat Vəliyev çıxış edərək cari ildə Qazax rayonu üzrə 11312 hektar sahədə taxıl əkildiyini, bunun da 4863 hektarını buğda, 6449 hektarını arpa təşkil etdiyini qeyd edib. B.Vəliyev taxıl sahələrinin keyfiyyətlə, vaxtında və itkisiz biçilməsi üçün Mərkəz olaraq əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb. Arpa biçinin aparılmasına sayılı günlər qaldığını deyən B.Vəliyev bunun üçün əvvəlcədən lazımi tədbirlərin görüldüyünü, rayonda fəaliyyət göstərən "Aqrolizinq” ASC-də olan kombaynların, eləcə də ayrı-ayrı şəxslərdə olan şəxsi kombaynların hazır vəziyyətə gətirildiyini, dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görüləcəyini qeyd edib.


"Aqrolizinq” ASC-nin Şəmkir Regional nümayəndəliyinin Qazax rayon bölməsinin rəhbəri İlham Vəliyev çıxış edərək onlara məxsus 9 ədəd kombaynın biçin üçün hazır vəziyyətə gətirildiyini, dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu işlə məşğul olan insanlarla maarifləndirmə tədbirlərinin həyata keçirildiyini söyləyib.


Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühəndisi Rəhman Əsədov çıxış edərək meşə və meşə zolaqlarının kənarlarında yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlərdən danışıb.

 

Qazax Rayon Polis Şöbəsinin rəis müavini Fəxri Aslanov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, polis əməkdaşları olaraq bu sahədə hər zaman dəstək olmağa hazır olduqlarını bildirib.


Yuxarı Salahlı kənd bələdiyyəsinin sədri Şahismayıl Məmmədov çıxış edərək maarifləndirmə xarakterli bu cür tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırıb. Bələdiyyə sədri taxıl sahələrində yanğın hadisəsinin baş verməməsi üçün ilkin tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

 

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, d/x polkovniki Natiq Piriyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Maarifləndirici tədbirin əhəmiyyətindən söz açan natiq Qərb regionunda artıq 6-cı tədbirin keçirildiyini vurğulayıb. Biçin qabağı dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı təşkil olunmuş bugünkü tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. N.Piriyev qeyd edib ki, rayon rəhbərliyi tərəfindən bu sahə ilə bağlı müvafiq Sərəncamların imzalanması onu deməyə əsas verir ki, bu iş Qazaxda yüksək səviyyədə həyata keçirilərək daim nəzarətdə saxlanılacaq və yanğın təhlükəsizliyi tədbirləri etibarlı təmin olunacaq. İdarə rəisi dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması üçün maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini ön plana çəkərək bu sahədə işlərin gücləndirilməsini tövsiyə edib. İdarə rəisi təkcə biçin zamanı deyil, biçindən sonra da həmin sahələrin təhlükəsizliyinin təmin olunmasının vacibliyini önə çəkərək taxıl sahələrinin yandırılmasının qəti şəkildə qadağan olunduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


GOYEZEN.AZ


Geri qayıt